Bakı. 24 avqust. REPORT.AZ/ "Boksdan azı 5 medal gözləyirdik. Təəssüf ki, alınmadı. Olimpiadada medal qazanan idmançılarımızı təbrik edirəm". Bunu "Report"a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında dəri əlcək ustalarının çıxışlarını dəyərləndirərkən deyib.
S.Mikayılov bəzi görüşlərdə hakim ədalətsiliyi ilə üzləşdiklərini vurğulayıb. O, 64 kq çəki dərəcəsində çıxış edən Lorenso Sotomayora qarşı final döyüşündə edilən hakim haqsızlığına etiraz etmədiklərini bildirib: "Çünki qanunda belə şey yoxdur".
"Rio-2016"da ilk dəfə boksçular baş geyimi olmadan döyüşüblər. ABF rəsmisi bu yeniliyi normal qarşıladığını bildirib. O, açıq başla döyüşdə qan tökülmə hallarında isə qeyri-adi bir şey görmədiyini söyləyib: "Bu, baş geyimi olsa da, olmasa da baş verir".
Qeyd edək ki, Azərbaycan boksçularından olimpiadada Lorenso Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.