BNA-nın direktoru: "İslam Həmrəyliyi Oyunlarında tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub"

BNA-nın direktoru: "İslam Həmrəyliyi Oyunlarında tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub" BNA-nın direktoru: "Atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da həyata keçirilib"
Fərdi
21 Aprel , 2017 23:26
BNA-nın direktoru: İslam Həmrəyliyi Oyunlarında tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub
Azertag.az

Bakı. 21 aprel. REPORT.AZ/ "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələcək idmançıların, nümayəndə heyətlərinin, yerli və xarici turistlərin, eləcə də paytaxt sakinlərinin rahatlığı üçün nəqliyyat xidmətlərinin koordinasiyalı təşkili olduqca vacib amildir. Məhz nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək". 

"Report"un məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı bildirib.

V.Kərimli qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə qeyd edilən nəqliyyat tədbirlərinin təşkili həvalə edilib:

- Açılış və bağlanış mərasimləri zamanı ictimai nəqliyyatın təşkili;

- Atletlərin nəqliyyatı üçün sürücülərin ayrılması;

- İdman arenalarına ictimai nəqliyyatla gediş-gəlişin təmin edilməsi;

- “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin (HUB) nəqliyyat-mübadilə mərkəzinə dair tədbirlərin həyata keçirilməsi;

- Maarifləndirmə və digər zəruri tədbirlər.

Oyunların sınaq açılışında, açılış və bağlanış mərasimlərində müvafiq olaraq 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir: "Qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb olunub".

Zərurət yaranacağı təqdirdə ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda saxlanılacaq: "Bu istiqamətlər üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb.

Sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda həyata keçiriləcək. Bununla bağlı, agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və müvafiq razılaşmalar əldə edilib".

Sınaq açılışı, açılış və bağlanış mərasimləri günlərində üç ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin və Bakı Metropoliteninin əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərməsi nəzərdə tutulur: "Atletlər üçün sürücülər bəndinə əsasən, beynəlxalq səviyyəli idman tədbirlərinin praktikasına uyğun olaraq, Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış avtobuslardan istifadə edilməsi planlaşdırılıb. Ayrılmış 144 ədəd “Neoplan” və 20 ədəd “Sprinter” markalı avtobusların idarə edilməsi üçün 320 sürücünün cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların müəyyən etdiyi 616 nəfərdən ibarət sürücünün siyahısı yoxlanılmaq üçün Əməliyyat Komitəsinə təqdim edilib.

Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və artıq 245 sürücü təlimi uğurla başa vurub.

Bütün idman arenalarına tamaşaçıların, könüllülərin, işçi qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Agentlik arasında mütəmadi aparılan görüş və müzakirələrin nəticəsi olaraq Tədbirlər Planı işlənilib. Plana əsasən, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi üçün bir sıra avtobus xətlərində dəyişikliklər aparılması, hərəkət cədvəllərinə düzəlişlərin olunması, zərurət yarandığı istiqamətlərdə avtobusların sayının artırılması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə bağlı müvafiq şərnişindaşıma şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər, həftəlik sxem üzrə maarifləndirmə işləri aparılır.

Mayın 18-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da keçiriləcək iki futbol oyununda iştirak edəcək tamaşaçıların və digər şəxslərin daşınması üçün “Koroğlu” metrosu-“Dalğa Arena” istiqamətində xüsusi ekspress xəttin fəaliyyəti təmin ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər iştirakçıların) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən mayın 1-dən 30-dək ödənişsiz istifadəsi təmin olunacaq. Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən verilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib".

Ümumilikdə atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi tədbirləri çərçivəsində atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi