Bakı. 15 mart. REPORT.AZ/ BMT 10 il müddətində bu qurumun sülhməramlı səfiri olmuş məşhur rusiyalı tennisçi Mariya Şarapova ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.
Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
"BMT-nin İnkişaf Proqramı M.Şarapovanın bizə göstərdiyi dəstəyə görə ona minnətdardır. Lakin məlum hadisələrdən sonra biz onun sülhməramlı səfir kimi fəaliyyətinə xitam vermək qərarına gəldik və istintaq müddətində planlaşdırılan bütün tədbirləri təxirə saldıq", - deyə təşkilatın mətbuat katibi bildirib.
Qeyd edək ki, martın 7-də idmançı qadağan edilmiş meldonium preparatını qəbul etdiyini etiraf edib. Onun işi üzrə ilk dinləmə martın 23-də baş tutacaq. M.Şarapovanı 4 ilədək diskvalifikasiya gözləyir.