Yuxarı

MMA Liqası döyüş növlərinin nə dərəcədə təhlükəli olmasına aydınlıq gətirib

MMA Fighting Seriesin ikinci mərhələsinə hərs olunmuş mətbuat konfransı keçirilib

Bakı. 13 aprel. REPORT.AZ/ "MMA Fighting Series"in ikinci seriyasına həsr olunmuş mətbuat konfransı keçirilib. "Report"un məlumatına görə, TT Fighting Club"da təşkil olunmuş tədbir cəbhə xəttində həlak olan Azərbaycan hərbçilərinin xatirəsinə 1 dəqiqəlik sükutla başlanıb.

GEFC Beynəlxalq MMA Liqasının prezidenti Elxan Vəliyev Azərbaycanda idmana göstərilən diqqətin presedentsiz olduğunu bildirib. O, bunun "Bakı 2015" I Avropa Oyunlarında özünü bir daha büruzə verdiyini söyləyib. Ölkədə döyüş növlərinin inkişafı üçün də işlərin görüldüyünü vurğulayan E.Vəliyev MMA qarşılaşmalarında bir çox azərbaycanlı idmançının yüksək nəticələr göstərdiyini xatırladıb.

MMA Prime Fight Pro Beynəlxalq Assosiaiyasının icraçı direktoru Aleksey Yatsenko ilk dəfə 1987-ci ildə Bakıda olduğunu və o vaxtdan xeyli dəyişikliyin baş verdiyini söyləyib. A.Yatsenkonun sözlərinə görə, Rusiyada qalan ailəsi ona belə gözəl şəhərdə olduğu üçün paxıllıq edir. O bildirib ki, məqsədləri Azərbaycanda da bu döyüşlərin inkişaf etməsidir.

GEFC Beynəlxalq MMA Liqasının vitse-prezidenti Şəhriyar Abbasov isə Azərbaycanda bu növü inkişaf etdirmək istədiklərini söyləyib. Onun sözlərinə görə, belə bir gənc növün inkişafı zəruridir: "Sabah 5 seriyamızdan 2-cisini keçirəcəyik. 3-cü seriya Qəbələdə açıq havada olacaq. Yekunda qaliblər arasında kəmərlər uğrunda döyüşlər baş tutacaq".

"Qəbələ" klubunun döyüş növləri koordinatoru Səbuhi Qarayev cəbhədəki 4 günlük savaşın Azərbaycan xalqının döyüşkən xalq olduğunu sübuta yetirdiyini vurğulayıb. Klubda döyüş növlərinə də böyük diqqət göstərildiyini söyləyən S.Qarayev sabahkı seriyada "Qəbələ"ni Nəriman Abbasov, Hüseyn Əliyev və Fuad Musayevin təmsil edəcəyini bildirib: "Qəbələdə rəqabət olmadığı üçün onlar Bakıda hazırlaşıblar. Nəriman Abbasovdan daha çox uğur gözləyirik".

Sualları cavablandıran Ş.Abbasov xoşagəlməz olayların yaşandığı ilk seriya ilə müqayisədə bu dəfə təhlükəsizliyə daha böyük diqqət ayıracaqlarını söyləyib. O, polis əməkdaşlarının ciddi rejimdə köməklik göstərəcəklərini vurğulayıb: "Biletsiz heç kim tribunaya buraxılmayacaq. Belə hallar bütün növlərdə baş verir. Biz də çalışacağıq ki, qarşısını alaq".

Millət vəkili və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevin "Döyüş növləri insan həyatı üçün təhlükəlidir. Onları ləğv etmək lazımdır" fikirlərinə münasibət bildirən vitse-prezident MMA-nın dünyada, o cümlədən, Azərbaycanda sürətlə inkişaf etdiyini dilə gətirib: "Ötən seriyada 5000 tamaşaçı tutumuna malik zal tam dolmuşdu. Azərbaycanın 20 faizinin işğal olunduğu vaxtda insanlarda döyüş ruhu daha çox olmalıdır. Döyüş növü ilə məşğul olanlar qabiliyyətlidirlər. İdmançı və idmanla məşğul olanları fərqləndirmək lazımdır. İdmançıların başqa fikirləri olmur, onlarda neqativ hallar aradan götürülür. Əksinə, döyüş növlərinin Azərbaycanda da inkişafı çox vacibdir. Hər yerdə sürətli inkişaf gedir. Nəyə görə də Azərbaycanda olmasın?"

Reqlament barədə danışan Ş.Abbasov bütün idmançılara bərabər reytinq imkanı yaradıldığını söyləyib. "Görüşlərimizi "Boyets" kanalı göstərəcək. Gələn turnirimizin yayımını pulla almaq istəyən ABŞ kanalı var. Azərbaycan, İran, Gürcüstandan idmançılar olacaq. Azərbaycan 15 çəkinin hamısında təmsil olunacaq".

Qeyd edək ki, aprelin 14-də Qafqaz Sport Baku otelində keçiriləcək "MMA Fighting Series"in ikinci seriyası saat 18:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi