Bakı. 11 aprel. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə Azərbaycan Gəncləri gününə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə nazir müavini İntiqam Babayevin başçılıq etdiyi Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti təmsil edir.
Tədbir çərçivəsində İ.Babayev və Belarusun təhsil naziri İqor Karpenkonun yerli ictimai fəal gənclərlə açıq söhbət formatında görüşü keçirilib. Görüş zamanı iştirakçılara hər iki ölkənin gənclərlə iş sahəsi haqqında geniş məlumat verilib. Nazir müavini "Bakı 2015" I Avropa Oyunlarından, burada iştirak etmiş könüllülərin fəaliyyətindən ətraflı danışıb. O, eyni zamanda, Prezident yanında Gənclər Fondunun fəaliyyəti, gənclər sahəsində Azərbaycanda görülən işlər, qəbul olunan Dövlət proqramları haqqında da Belarus gənclərini məlumatlandırıb.
İ.Karpenko növbəti Avropa Oyunlarının 2019-cu ildə Minskdə keçirilməsinin düzgün qərar olduğunu vurğulayıb və bu sahədə Azərbaycanın təcrübəsinin onlar üçün önəmli olduğunu bildirib.
Sonda İ.Babayev və İ. Karpenko gəncləri maraqlandıran suallara ətraflı cavab veriblər. Belarusda təhsil alan azərbaycanlıların da iştirak etdiyi tədbirdə hər iki ölkənin gənclər siyasəti müzakirə olunub.