Belaruslu 4 qat olimpiya çempionu medallarının satışından 180 min dollar gəlir götürüb

Belaruslu 4 qat olimpiya çempionu medallarının satışından 180 min dollar gəlir götürüb Olqa Korbut qızıl medallarından yalnız birini saxlayıb
Fərdi
27 Fevral , 2017 12:11
Belaruslu 4 qat olimpiya çempionu medallarının satışından 180 min dollar gəlir götürüb

Bakı. 27 fevral. REPORT.AZ/ Belaruslu gimnast Olqa Korbut 1972 və 1976-cı il Yay Olimpiya Oyunlarında qazandığı 5 medalı hərraca çıxarıb. "Report"un "Heritage Auctions"a istinadən verdiyi məlumata görə, satışdan ümumilikdə 180 min dollardan çox gəlir əldə olunub.

1972-ci il Münhen olimpiadasında komanda yarışında və sərbəst hərəkətlər üzrə qızıl medallar müvafiq olaraq, 66 min dollar və 52,8 min dollara, barlarda hərəkət üzrə gümüş medal 24,6 min dollara satılıb. 1976-cı il Monreal olimpiadasında komanda yarışındakı qızıl medal alıcıya 57,6 min dollara, tir üzərində hərəkət üzrə gümüş medal 24,6 min dollara başa gəlib. Hərrac evinin mükafatı ilə birgə Korbut 183,3 min dollar qazanıb.

61 yaşlı idmançı medallardan əlavə, 1973-cü ildə Böyük Britaniyanın paytaxtı Londonda çıxış etdiyi gimnast geyimini 3 min dollara, "Sports Illustrated" jurnalının üz qabığında təsviri ilə birgə avtoqrafı 49 dollara satıb. Onun 26 lot əşyası satılmamış qalıb.

Qeyd edək ki, Olqa Korbut 4 qat olimpiya çempionu və 2 qat olimpiya mükafatçısıdır. O, "Münhen-1972"də 3 qızıl və 1 gümüş, "Monreal-1976"da 1 qızıl və 1 gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi