Belarusda yaşayan azərbaycanlı güləş mütəxəssisi: "Azərbaycandan təklif olsa, gəlib öz izimi qoyaram" - MÜSAHİBƏ

Belarusda yaşayan azərbaycanlı güləş mütəxəssisi: "Azərbaycandan təklif olsa, gəlib öz izimi qoyaram" - MÜSAHİBƏ "Azərbaycanda güləşçilər daha bacarıqlıdırlar. Bu da qanla bağlıdır"
Fərdi
14 Avqust , 2016 16:33
Belarusda yaşayan azərbaycanlı güləş mütəxəssisi: Azərbaycandan təklif olsa, gəlib öz izimi qoyaram - MÜSAHİBƏ

Bakı. 14 avqust. REPORT.AZ/ "Azərbaycandan təklif olsa, məmnuniyyətlə işləməyə gələrəm, öz izimi qoyaram. Azərbaycanda da yüksək səviyyəli güləş mütəxəssisləri var. Məsələn, Elçin Cəfərov. O, Azərbaycan güləşini elə səviyyəyə qaldırıb, elə marka edib ki, buna həsəd aparmaq olar".

Bu sözləri "Report"a müsahibəsində Belarusda yaşayan əslən azərbaycanlı sabiq güləşçi, hazırda isə məşqçi kimi fəaliyyət göstərən Fərhad Məhərrəmovun deyib.

Güləş mütəxəssisi ilə müsahibəni sizə təqdim edirik

Azərbaycanda doğulsanız da, Belarus yığmasının heyətində çıxış etmisiniz. Necə oldu ki, başqa ölkədə çıxış etməyi qərara aldınız?

- Mən Bakıxanov qəsəbəsindəki Respublika Olimpiya Ehtiyatları Litseyini bitirmişəm. Həmin vaxt seçim imkanlarım vardı. Ya əsgərliyə yollanmalı, ya da digər təklifləri qəbul etməli idim. Elə alındı ki, Belarusdan təklif gəldi və mən bu ölkəni seçdim. Düşünürəm ki, bunda səhv etmədim. Çünki məhz bu ölkədə müəyyən uğurlarım oldu. Mənim taleyim məhz Belarus imiş və burda bir idmançı kimi nəyəsə nail oldum. Həyatım da başqa məcrada keçdi.

İlk nəticələriniz necə oldu?

- Mən Belarusa gələn kimi ölkə çempionatının qalibi oldum. O vaxt 18 yaşım vardı və qarşıda 1992-ci il Barselona Yay Olimpiya Oyunları gəlirdi. Məni ora aparmadılar. Rusiyanın Rostov şəhərində böyüklər arasında SSRİ çempionatı keçirilirdi və ilk cəhdimdəcə 4-cü yeri tutdum. Bunadək keçmiş ittifaq birinciliyində 3-cü olmuşdum. Sonradan hərbi xidmətə getdim.

Azərbaycanda, yoxsa...?

- Keçmiş SSRİ ərazisində. Mən Belarusda qulluq edirdm. Elə oldu ki, 1 il sonra SSRİ dağıldı və Belarus müstəqil respublika oldu. Onda bu ölkənin də andiçməsində iştirak etdim. Bundan sonra Avropada olan bütün “qran-pri”lərin qalibi oldum. Bu, Polşada, Macarıstanda olub. Ardından Avropa çempionatında gümüş medalçı oldum. Finlandiyada 2-ci yeri tutdum, Fransada 5-ci. Dünya çempionatlarında isə 6-7-ci yerləri tuturdum, finaladək gedib çıxa bilmirdim.

1996-cı il Atlanta Olimpiadasına da düşə bilmədiniz?

- O vaxt zədəli idim. Belimdə problem yaranmışdı.

Zədələnərək karyeranızı bitirdiniz?

- Yox. Həmin vaxt 1996-cı il idi. Güclü zədələndim. Belə demək olar ki, 3-4 ay ümumiyyətlə, yataqdan dura bilmirdim. Sonra sağaldım və Avropa çempionatında yenə gümüş medalçı oldum. Minskdə keçirilən dünya çempionatında isə 5-ci oldum. İdmançı həyatı tez keçir, yarışlar, Avropa, dünya çempionatları, “qran-pri”lər bir-birini əvəzləyir. 1999-cu ildə mənə ABŞ-dan müqavilə təklif etdilər. Mən də bunu qəbul edərək həmin ölkəyə yollandım. Orda 3-4 il keçdikdən sonra qayıtdım.

Bu, ABŞ-da klub idi, yoxsa yığma?

- Hər ikisi. Onların öz sistemləri var, ştatlar üzrə hərəkət edirsən.

ABŞ yığmasına düşdünüz?

- Bəli. Amma orada idmançı kimi heç bir nailiyyətim olmadı. Çünki artıq məşqçi idim. Millidə çalışırdım. 2003-cü ildə Belarusa döndüm. Orada məni milli komandaya məşqçi kimi dəvət etdilər.

Həmin vaxt baş məşqçi Kamandar Məcidov idi...

- Bəli. Sonra mənim şəxsi məşqçim Vladimir Qayduk yığmanın baş məşqçisi oldu. Sonradan bir sıra ölkələrdə işləmiş Gennadi Sapunov baş məşqçi oldu. Mən onunla da birgə işləmişəm. Bir sıra yetirmələrim həmin vaxt yetişdilər. Biz onları yarışlara hazırlayırdıq.

Onlar hər hansı nəticə göstərə bildilər?

- Mixail Semyonov Olimpiadada 3-cü oldu. Cavid Həmzətov isə dünya çempionatında bürünc medal qazandı, “Rio-2016”ya lisenziya əldə etdi.

Belarus Olimpiya Komitəsinin icraçı direktoru İqor Şablıko bizimlə söhbətində bildirdi ki, bu ölkədə heç bir idman növündə legioner yoxdur...

- Mən başa düşmürəm, legioner nə deməkdir?

Yəni bir ölkə başqa bir ölkədən idmançını öz milli komandasına dəvət edir...

- Ola bilər, o, tam başa düşməyib, güləşi yaxından bilmir. Mən, Kamandar Məcidov Belarusa gəldik, burada yetişdik. Mən idmanı buraxdım, çəkimdə olan güləşçilər dünya, Avropa çempionatlarının qalibi oldular. Güləşdə güclü sınaqçı-rəqib vacib amildir. Əgər bu, yoxdursa, dünya, Avropa çempionatında yüksək yerlər uğrunda mübarizə apara bilməzsən. Deməzidm ki, Belarusda legioner yoxdur. Sərbəst güləşdə hamısı legionerdir. Onlar da Dağıstandan gəliblər. Sadəcə, Şablıkonun nə demək istədiyini başa düşmədim. Gəlmə idmançılarımız yetərincədir. Ancaq elələri yoxdur ki, pul verdik gətirdik, çıxış etdilər, getdilər. Belarusa gəlirlər, yerlilər də onlarla məşq etməklə yetişirlər. Azərbaycanda olimpiya mükafatçıları olan Şərif Şərifovla, Xetaq Qazyumov var, bizdə də belə gəlmələr var.

Bəs niyə belaruslu idmançılar nəticə verə bilmirlər?

- Niyə ki? İkiqat dünya çempionumuz var.

Demək istəyirəm ki, öz idmançılarınız olmadığından Dağıstandan güləşçilər gəlirlər...

- Onlar özləri bura düşürlər. Avropa çempionu, dünya çempionatının mükafatçıları olan yerli güləşçilərimiz var. Əlbəttə, qafqazlılar güləşdə daha bacarıqlıdırlar. Fərq bundadır.

Kamandar Məcidovun Belarus yığmasının baş məşqçisi kimi işi necə alındı?

- 2014-dü il Dünya çempionatında yetirmələri medal qazana bilmədi. Bundan sonra federasiya müqaviləyə xitam verməyə qərar verdi.

İndi harada çalışır?

- Məcidov məşqçi kimi işini davam etdirir. Minskdəki Respublika Olimpiya Ehtiyatları Hazırlıq Məktəbində çalışır, şəxsi idmançıları var. Onlar çox yaxşı inkişaf edirlər. Məcidov dünya səviyyəli mütəxəssisdir. Fikrimcə, hələ sözünü deyəcək.

Siz Kamandar Məcidovla müqavilənin uzadılmaması səbəbindən onun başçılıq etdiyi məşqçilər korpusunun üzvlüyündən getməli oldunuz?

- Yox. Mən Sapunovdan sonra getdim. Bu, London Olimpiadasından sonra idi.

Belə çıxır ki, Məcidovla işləmədiniz?

- Xeyir, işləmədim. Mən klubda çalışırdım. Bu, üçqat Olimpiya çempionu olan Aleksandr Medvedin adını daşıyan klubdur. Yerli idmançılar yetişdiririk.

Belarusda güləşə yaradılan şərait necədir?

- Yaxşı. Hər bir şərait yaradılıb. Yaxşı bazamız var. Güləşçilər, idmançılar oranı yaxşı tanıyırlar. Biz daim orada oluruq, güləşçilərə qısa müddət istirahət veririk. Olimpiada öncəsi praktiki olaraq bütün günü orada olduq.

İndi nə işlə məşğul olursunuz? Klubda şəxsi idmançılar hazırlayırsınız?

- Bəli. Bizdən olimpiadaya bir güləşçi düşüb. Bu, 85 kq-da çıxış edən Cavid Həmzətovdur.

Dağıstanlıdır?

- Yox, belaruslu. O, artıq burada böyüyüb boya-başa çatıb, yetişib. Artıq 10 ildir Belarusun şərəfini qoruyur. Bura gələndə uşaq idi. Dərhal mənim yanıma düşdü, yetişdi.

Azərbaycan yığmasında 85 kq-da Saman Təhmasibi çıxış edir. O da legionerdir, iranlıdır...

- Çox yaxşı güləşçidir. Yaxşı tanıyıram, şəxsi tanışlığım da var. Fikrimcə, olimpiadada özünü göstərəcək.

Belarusda uzun müddətdir yaşayırsınız. Burada həyat şəraiti sizi qane edir? Uyğunlaşa bilmisiniz? Belarusda azərbaycanlılara münasibət necədir?

- Mən bu ölkəyə minnətdaram. Lazımi anda bizə dəstək oldular, yaşamağa imkan verdilər. Gileylənmək düzgün olmazdı. Mən bir idmançı kimi nə göstərmişəmsə, burada etmişəm. Tale elə gətirdi ki, mən öz ölkəmdə yox, burada çıxış edərək nəticələr qazana bildim. Çox razıyam, Belarusa minnətdaram.

Belarusdan Azərbaycan idmanı, xüsusilə güləş növü necə görünür?

- Belarus güləş məktəbi var, olub, olacaq da. Ola bilər ki, Azərbaycanda güləşçilər daha bacarıqlıdırlar. Bu da qanla bağlıdır. Ancaq burada şərait daha yaxşıdır. Azərbaycanda isə yalnız bir Respublika Olimpiya Ehtiyatları Litseyi var. Bu da mənim bitirdiyim “Razin” qəsəbəsindədir (indiki Bakıxanov qəsəbəsi - red). Burada isə təkcə Minskdə 3 belə məktəb var. Hər regionda isə biri var. Olimpiya Ehtiyatları İdman Məktəbində ən azı 50 uşaq məşğul olur. Onlar arasından ildə heç olmasa, 3-4 bacarıqlı güləşçi çıxır. Bəli, ola bilər ki, həmin səviyyədə deyillər. Ancaq istənilən halda ortaya çıxırlar. Ola bilər ki, nəticələri gec olur. Çüki slavyandırlar, onlardan nəticəni uzun müddət gözləmək lazımdır. Onlar qafqazlı deyil ki, Rövşən Bayramov kimi 17-18 yaşında dünya çempionu olsunlar. Yaxud Fərid Mansurov az qala 20 yaşında Olimpiadanın qalibi oldu. Bizdə də nəticə verən güləşçilər var. Məsələn, 80 kq-da Viktor Sosunovski ötən il ABŞ-ın Las-Veqas şəhərindəki dünya çempionatında 2-ci, "Bakı-2015" I Avropa Oyunlarında 3-cü oldu. Onun da nəticəsini gözlədilər və bunu verməyə başladı. 1988-ci il təvəllüdlüdür. Artıq 27-28 yaşı var və nəticələr göstərməyə başlayır.

Belarusda çalışan mütəxəssis kimi fəxrimizsiniz. Azərbaycandan dəvət etsələr, bizim idmanımız üçün işləyrsiniz?

- Əlbəttə, məmnuniyyətlə. Deyə bilmərəm ki, yox, gələ bilmərəm. Əlbəttə, Azərbaycanda da yüksək səviyyəli güləş mütəxəssisləri var. Məsələn, Elçin Cəfərov. O, Azərbaycan güləşini elə səviyyəyə qaldırdı, elə marka etdi ki, buna həsəd aparmaq olar. Birdən Azərbaycandan təklif olsa, məmnuniyyətlə işləməyə gələrəm, öz izimi qoyaram.

Bəs ailəniz necə olacaq?

- Biz idmançıyıq. Bilirik ki, ailə nədir. Hərbçi kimiyik (gülür - red.). "Vətənə xidmət etmək lazımdır" dedilərsə, deməli, bunu həyata keçirmək lazımdır. Üstəlik, ailəm Azərbaycandandır. Bir sözlə, Vətəni unutmuruq. Biz buradan Azərbaycan idmanının hansı uğurlarını eşidiriksə, ürəyimiz fərəh hissi ilə dolur, başqa cür fəxr edirik. Xaricdə bu məsələ fərqlidir, daha həssas olursan.

Olimpiadada Azərbaycan və Belarus güləşçilərindən nə gözləyirsiniz?

- Olimpiada bəxtlə bağlı yarışdır. Bir də əsəblərin gərək möhkəm olsun. Biz belaruslu güləşçilərdən nəticələr gözləyirik. Azərbaycanlı idmançılara uğurlar arzulayıram. Xüsusən, Rövşən Bayramova. Həm o, həm də Fərid Mansurov mənim yetişdiyim zaldan çıxıblar. Onlara xüsusi sevgim var. Məşqçilərinə də, bütün Azərbaycan komandasına uğurlar arzulayıram. Demək olar, hamısını şəxsən tanıyıram.

Azərbaycan güləşində kimlərlə şəxsi tanışlığınız var?

- Namiq və Arif Abdullayev qardaşları, Fərdi Mansurov, Rövşən Bayramov, Vitali Rəhimovla gözəl münasibətimiz var. Onlar hamısı yaxın dostlarımız, kiçik qardaşlarımızdır. Hamısını salamlayıram, həyatları uğurlu olsun. Xüsusilə Elçin Cəfərovu salamlayıram. Bütün dünya onun güləşdə davamçılarının uğurlarını gözləyir. O, Azərbaycan güləşinin markasını yaradıb. Düşünürəm ki, bu, davamlı olacaq və adlarını çəkdiyim insanların sayəsində daha da yüksəyə qalxacaq. Bizlər də nə vaxtsa doğma vətənimizdə olmaq istərdik.

Bəs Belarus güləşçilərindən hansı nəticəni gözləyirsiniz?

- Yunan-Roma güləşçilərimizdən 3-ü “Rio-2016”ya vəsiqə qazanıb. Azərbaycandan isə 5-i olimpiadada çıxış edəcək. Belə çıxır ki, sizin medal şansınız daha çoxdur.

Son vaxtlar dünya idmanında baş verən proseslərdə postsovet məkanı ölkələrinin sıxışdırıldığını görürük. Sizə elə gəlmir ki, siyasi oyunların getdiyi bir vaxtda nəticə qazanmağa maneçilik törədirlər?

- Olimpiada, dünya çempionatında ölkənin bayrağını yüksəltmək artıq siyasi səviyyəyə çatıb. Əlbəttə, sərt şəkildə də demək olmaz. Mən öz yetirmələrimə də deyirəm ki, dopinqdə ilişmək olmaz, biz buna nəzarət edirik. Mən hamıya arzu edirəm ki, idmançılarınızın yarışlardan kənarda qalmasına əsas verməyin. Biz bilirik ki, Beynəlxalq Olimpiya Komitəsi bunu etməyə səbəb axtarır. Qoy, onlar da buna əsas verməsinlər. Belə hallar çox olub. Artıq siyasi məsələni da bura qatırlar. Bu qədər işləyən, olimpiadanı gözləyən, sonda məcburən kənarda qalan idmançılara adamın heyfi gəlir. Mən keçmiş idmançı, hazırkı məşqçi kimi təsəvvür etmirəm ki, yarışa bu qədər hazırlaşım, sonda mənə desinlər ki, sən getmirsən.

Son xəbərlər

Orphus sistemi