Bakı. 4 mart. REPORT.AZ/ 5 Mart Bədən Tərbiyəsi və İdman Gününün 10 illiyi münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində peyntbol-tir yarışı keçirilib.
"Report"un məlumatına görə, yarış Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Silahli Qüvvələrinin Təlim-Tədris Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Akademiyası, Prezident yanında İdarəçilik Akademiyası, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının birgə əməkdaşlığı ilə baş tutub.
Azərbaycan Silahlı Qüvvələrinin orkestri tərəfindən ifa edilən dövlət himnindən sonra Müdafiə Nazirliyinin polkovniki Nazim Əlibəyov və Azərbaycan Peyntbol Federasiyasının prezidenti, millət vəkili Əli Hüseynli iştirakçılar qarşısında çıxış edib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aydın Məmmədov, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Prezident təqaüdçüləri qrupunun rəhbəri Təbriz Raufoğlu öz növbələrində iştirakçılara uğurlar arzulayıblar.
Yarış iştirakçıların təntənəli hərbi keçidindən sonra başlayıb. Sonda bütün iştirakçılara sertifikatlar verilib.