Yuxarı

​"Baku Fires"ın Puerto Riko klubuna qarşı heyəti açıqlanıb

Azərbaycan boksçusu dünya üçüncüsü ilə üz-üzə gələcək

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanı WSB (Ümumdünya Boks Seriyasında) Liqasında təmsil edən "Baku Fires" klubu fevralın 19-da 3-cü görüşünə çıxacaq. "Report"un məlumatına görə, ölkə təmsilçisinin rəqibi "Puerto Rico Hurricanes" klubu olacaq.

Artıq komandaların heyətləri açıqlanıb. Bu dəfə "Baku Fires"ın heyətində son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev rinqə çıxacaq. Abdullayev rəqib komandanın almaniyalı legioneri Roman Fress ilə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilmiş qitə çempionatında 6-cı yeri tutub.

İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən Heybətulla Hacıəliyev bu dəfə Jan Rivera ilə qarşılaşacaq. 21 yaşlı Rivera WSB Liqasında debüt edəcək. Bu görüşdə H.Hacıəliyev favorit sayılır.

Nikolay Veselovla üz-üzə gələcək Kristian Mbilli də rəqib komandanın güclü boksçularındandır. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa Oyunlarında Xaybulla Musalova uduzub. Bu, cari mövsümdə Veselovun ilk döyüşü olacaq.

56 kq çəki dərəcəsində çıxış edən Yaraş Məhəmmədov 1-ci turda "Astana Arlans"ın üzvü Merbolat Toitova uduzsa da, məşqçilər yenə bu boksçuya etimad göstəriblər.

49 kq. Rəsul Saliyev – Antoni Ortis

56 kq. Yaraş Məhəmmədov – Edqardo Rolon

64 kq. Heybətulla Hacıəliyev – Jan Rivera

75 kq. Nikolay Veselov – Kristian Mbilli

91 kq. Abdulqadir Abdullayev – Roman Fress

2 turdan sonra Puerto Riko təmsilçisi qrupda sonuncu yeri tutur. "Baku Fires" isə D qrupunda 2-ci pillədədir. Qonaq komandanın ötən tur "Astana Arlans"la görüşü təxirə salınıb.

1. "Uzbek Tigers" – 4 xal (2 görüş, qələbə sayı 7-3)

2. "Baku Fires" – 3 xal (2, 4-6)

3. "Astana Arlans" – 3 xal (1, 4-1)

4. "Puerto Rico Hurricanes" – 0 (1, 0-5).

Qeyd edək ki, Boks Mərkəzində keçiriləcək döyüş saat 19:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi