​"Baku Fires"ın 1/4 final döyüşü üçün heyəti açıqlanıb

​"Baku Fires"ın 1/4 final döyüşü üçün heyəti açıqlanıb Azərbaycan klubu yeni boksçulara şans verəcək
Fərdi
4 May , 2015 13:38
​Baku Firesın 1/4 final döyüşü üçün heyəti açıqlanıb

Bakı. 4 may. REPORT.AZ/ Mayın 6-da Quba Olimpiya Kompleksində WSB (Ümumdünya Boks Seriyası) Liqasının ¼ final mərhələsi çərçivəsində “Mexico Guerreros” klubu ilə qarşılaşacaq Azərbaycan təmsilçisi "Baku Fires"in heyəti açıqlanıb. Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, A qrupunda 3-cü yeri tutmuş Azərbaycan klubunun heyətində ilk yarış günündə çəkisi 49 kq, 56 kq, 64 kq, 75 kq, 91 kq olan boksçular rinqə çıxacaqlar. 

Bir gün sonra isə digər çəki dərəcələrindəki idmançılar güclərini sınayacaqlar.

Komandaların heyəti:

"Baku Fires" – "Mexico Guerreros"

49 kq. Rəsul Saliyev – Jozelito Velaskes Altimirano

56 kq. Yaraş Maqomedov – Alfredo Çirno Sançes

64 kq. Zaur Abdullayev – Raul Kuriel Qarsiya

75 kq. Jaba Xositaşvili – Rodrigez Olivas

91 kq. Leonid Çernobayev – Kastillyo Torres

Məşqçilər korpusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq, ehtiyat qüvvəyə şans verib. Bu görüşdə "Baku Fires"in heyətində üç boksçu – Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edəcək.

Meksika təmsilçisi isə Azərbaycan klubu ilə görüşə güclü heyətlə çıxacaq. 49 kq çəki dərəcəsində döyüşəcək Velazkes Altimirano fərdi reytinqdə 3-cü yeri tutaraq, son anda Rio-2016-dan kənarda qalıb. O, cari mövsümdə 6 qələbə qazanıb və 1 dəfə məğlub olub.

64 kq çəki dərəcəsində Zaur Abdullayevi də çətin görüş gözləyir. Azərbaycanlı boksçu olimpiadaya vəsiqə qazanmış Raul Kuriel Qarsiya ilə üz-üzə gələcək. Meksika boksçusu bu mövsüm 6 görüşdə qalib gəlib, 1-də məğlub olub.

Xositaşvili və Çernobayevin rəqibləri elə də yaxşı təsir bağışlamadıqlarından, hər iki boksçunun qələbə şansları yüksək qiymətləndirilir.

Qeyd edək ki, bu cütdə qələbə qazanacaq komanda yarımfinalda liqanın son qalibi "Cuba Domaderos"la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq.

Digər ¼ finalda isə Rusiya boksçuları "İtalia Thunder"lə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi