Dünya Kubokunda Azərbaycan şahmatçılarının hədəfi açıqlanıb

Dünya Kubokunda Azərbaycan şahmatçılarının hədəfi açıqlanıb "Hər bir şahmatçımızın məqsədi qələbə olacaq"
Fərdi
5 Sentyabr , 2015 13:41
Dünya Kubokunda Azərbaycan şahmatçılarının hədəfi açıqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında kişilərin yarışına 172, qadınların mübarizəsinə 145 ölkə qatılacaq. "Report"un məlumatına görə, bu barədə "Dünya Kuboku-2015" və "Bakı Şahmat Olimpiadası - 2016"nın Əməliyyat Komitəsinin direktoru və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov açıqlama verib.

O bildirib ki, Olimpiadadan bir il öncə - sentyabrın 10-da start götürəcək Dünya Kubokuna 45 ölkədən 128 şahmatçı qatılacaq. Onlardan 6-sı - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli Azərbaycanı təmsil edəcək. M.Məmmədovun sözlərinə görə, onların hər birinin hədəfi mümkün qədər çox qələbə qazanmaq və irəliləməkdən ibarət olacaq: "Dünya Kubokunun Bakıda keçirilməsi şahmatçılarımızın çıxışlarına təsiri baxımından həm asan, həm də məsuliyyətli və çətindir. İndiyədək Bakıda keçirilmiş yarışlarda yalnız mərhum Vüqar Həşimov qalib olub. Hər bir şahmatçımızın məqsədi qələbə olacaq".

AŞF-nin digər vitse-prezidenti Faiq Həsənov isə xatırladıb ki, indiyədək belə dünya səviyyəli turnirlərdə ən yaxşı nəticəni Teymur Rəcəbov göstərib. O, 2004-cü ildə Liviyanın paytaxtı Tripolidə həmin vaxtlarda dünya çempionatı adlanan yarışda 4-cü yeri tutub.

Qeyd edək ki, Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da Bakı Muğam Mərkəzində olacaq. 128 şahmatçı olimpiya sistemi ilə yarışaraq, oktyabrın 5-də qalibi müəyyənləşdirəcəklər. Finalçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi