Bakıda təşkil olunacaq Avropa Qran-Prisi ilə bağlı seminar keçirilib

Bakıda təşkil olunacaq Avropa Qran-Prisi ilə bağlı seminar keçirilib Nigar Arpadarai: "Yarış iqtisadi fayda baxımından çox önəmlidir"
Fərdi
11 Fevral , 2016 14:01
Bakıda təşkil olunacaq Avropa Qran-Prisi ilə bağlı seminar keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Hilton" hotelində yerli KİV nümayəndələri üçün Formula 1 üzrə Avropa Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib. "Report" xəbər verir ki, seminara qatılanlar Bakıda ilk dəfə təşkil olunacaq yarışın akkreditasiya prosesi barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi mart ayını tam əhatə edəcək.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa Qran Prisinin milli mətbuat katibi Nigar Arpadarai yarışa hazırlıqla bağlı görülən son işlərdən danışıb. O, hazırlıqların plana uyğun getdiyini bildirib: "Müəyyən hissələrdə asfalt qatı, təhlükəsizlik baryerləri salınacaq. Müvəqqəti tribunalar salınacaq. Bu yollar sonralar uzun müddət insanların istifadəsində olacaq. Avropa Qran Prisində 5000-dək könüllünün, 1000-dək marşalın olması planlaşdırılıb".

BŞH rəsmisi Formula 1-in önəmindən də danışıb. N.Arpadarainin fikrincə, ümumilikdə dünya çempionatı 187 ölkədə yayımlanır, Qran priləri üst-üstə 500 milyon insan izləyir: "Bu yarış ölkənin təbliğatı üçün gözəl şansdır. Qran Prini məşhur idman kanalları canlı yayımlayacaqlar. Ümumilikdə 19 min tamaşaçı üçün oturaq və ayaqüstü tribunalar nəzərdə tutulub. Yarış iqtisadi fayda baxımından çox önəmlidir. Qran Pri keçirən ölkənin turizm potensialı 40 faiz artır. Bəzi mətbu orqanlarda paddok üçün ildə 30 milyon, 10 il ərzində isə üst-üstə 300 milyon dollar xərclənəcəyini yazırlar. Bildirmək istərdim ki, paddok 10 il ərzində istifadə olunacaq və ona çəkilən xərc elə 30 milyon dollar olacaq".

BŞH-nin KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva bildirib ki, Bakının mərkəzi küçələrində təşkil olunacaq Avropa Qran Prisi Sinqapur, Monako və Melburn Qran priləri ilə analogiya təşkil edir. İyunun 17-də start götürəcək yarışın marşrutu barədə də danışan A.Ağayeva ən təhlükəli hissənin İçərişəhər ərazisində, ən sürətli hissənin isə Xəzər dənizi sahili boyunca olacağını bildirib: "İçərişəhərdə yolun eni cəmi 7,6 metr olacaq. Xəzər dənizi sahilində sürət saatda 304 km-dən ən yüksək həddə - 340 km-ə çatacaq. Muğam Mərkəzi ilə Sahil metrosu arasında avtomobillər bir-birinə qarşı hərəkət edəcəklər.

Formula 1 şərhçisi Rəhim Əliyev Qran Pri yarışlarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verib və bu sahədəki təcrübəsini bölüşüb.

Qeyd edək ki, Avropa Qran Prisinin ilk günündə test yürüşü, ertəsi gün təsnifat mərhələsi, iyunun 19-da isə yarış nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi