​Bakıda şahmat üzrə Dünya Kuboku start götürür

​Bakıda şahmat üzrə Dünya Kuboku start götürür Azərbaycan 6 şahmatçı ilə təmsil olunacaq
Fərdi
11 Sentyabr , 2015 08:00
​Bakıda şahmat üzrə Dünya Kuboku start götürür

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda ilk dəfə şahmat üzrə Dünya Kuboku start götürür.

"Report"un məlumatına görə, nüfuzlu yarışda ümumilikdə 45 ölkədən 128 zəka sahibi iştirak edəcək. 

Onlardan 6-sı Azərbaycanı təmsil edir. Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli və Teymur Rəcəbov yerli Təşkilat Komitəsinin namizədi qismində iştirak hüququ qazanıb. Şəhriyar Məmmədyarov FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) son ilinin orta elo göstəriciləri əsasında, Qədir Hüseynov isə FİDE prezidentinin namizədi kimi Dünya Kubokunda çıxış edəcək.

Turnir olimpiya sistemi ilə keçiriləcək. T.Rəcəbov ilk turda 15 yaşlı ABŞ şahmatçısı Samuel Sevyanla üz-üzə gələcək. Qədir Hüseynov isə 2013-cü il Dünya Kubokunun ikinci raundunun taybreykində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarova məğlub olan rusiyalı Maksim Matlakovla münasibətlərinə aydınlıq gətirəcək.

E.Səfərli macar Çaba Baloqlanı yenməyə çalışacaq. Baloqla 2003-cü ildə 16 yaşadək oğlanlar arasında Avropa çempionatının qalibi olub. V.Durarbəyli blits üzrə dünya çempionu adını qazanmış (2013-cü il) ilk Vyetnam təmsilçisi Quanq Liem Le ilə yarışacaq.

Rauf Məmmədovun ilk rəqibi Rusiya şahmatçısı Yevgeni Nayer olacaq. Rusiya təmsilçisi 2008 və 2009-cu illərdə da ABŞ-da keçirilmiş "World Open" turnirinin qalibi olub. Şəhriyar Məmmədyarovun rəqibi isə 18 yaşa qədər şahmatçılar arasında dünya çempionu (2013) adını qazanan iranlı Pouya İdani olacaq.

Turnirdə Azərbaycanı iki hakim təmsil edəcək. Faiq Həsənov baş hakim qismində çıxış edəcək. Lütfiyar Rüstəmov isə görüşlərə nəzarət edəcək.

Dünya Kubokunda iştirak edən zəka sahiblərindən 4-ü Ermənistanı təmsil edəcək. Artıq Levon Aronyan, Qabriyel Sarkisyan, Hrant Melkumyan və Samvel Tеr-Saakyan paytaxta gəlib.

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 11-də saat 15:00-da start götürəcək. Final görüşü isə oktyabrın 4-də eyni saatda keçiriləcək. Dünya çempionatının bağlanış mərasimi oktyabrın 5-də saat 15:00-da olacaq. Dünya Kubokunun ümimi mükafat fondu 1 milyon 200 min dollar təşkil edəcək. Müqaviləyə əsasən, bu vəsaiti Azərbaycan tərəfi ödəyəcək. Məbləğin 20 faizi FİDE-yə gedəcək. Qalib şahmatçı isə 120 min dollar qazanacaq.

Son xəbərlər

Orphus sistemi