Yuxarı

Bakıda keçiriləcək "Formula 1"lə bağlı seminar təşkil olunub

Bu yarışın Azərbaycana həm idman, həm də iqtisadi baxımdan müsbət təsir edəcəyi bildirilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" yarışlarını işıqlandıracaq KİV nümayəndələri üçün seminar təşkil olunub. "Report"un məlumatına görə, seminarda motoidman yarışının təbliğatından danışılıb və bu yarışın Azərbaycana həm idman, həm də iqtisadi baxımdan müsbət təsir edəcəyi bildirilib.

"Baku Grand Pri" şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Departamentin rəhbəri Nigar Arpadarai media mənsublarına "Bakı şəhər halqası" haqda məlumat verib və bu halqanın Bakının digər ölkələrdə daha yaxşı tanınmasında oynayacağı roldan danışıb. O qeyd edib ki, trass "Formula 1" yarışlarının trass yenilənməsi ilə məşğul olan almaniyalı Herman Tilkenin şirkəti tərəfindən layihələşir.

Daha sonra seminar iştirakçılarına "Formula 1" yarışlarını təbliğ edən videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, yolun əsas tikinti işləri 2016-cı ilə planlaşdırılıb və Bakı şəhər halqasının müvəqqəti olacağı deyilib. Yarış ərəfəsində İçərişəhərdə yerləşən daş yollara və qədim divarlara zərər dəyməməsi üçün örtüklərin çəkiləcəyi bildirilib.

Sonda "Formula 1" yarışını işıqlandırmaq istəyən jurnalistlərə qeydiyyatdan keçməklə bağlı məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi