Bakıda ilk dəfə "M-1 Dünya Kəməri" uğrunda döyüşlər keçiriləcək

Bakıda ilk dəfə "M-1 Dünya Kəməri" uğrunda döyüşlər keçiriləcək Azərbaycanı 3 idmançı təmsil edəcək
Fərdi
3 İyun , 2016 15:43
Bakıda ilk dəfə M-1 Dünya Kəməri uğrunda döyüşlər keçiriləcək

Bakı. 3 iyun. REPORT,AZ/ Bakıda ilk dəfə keçirilək "M-1 Dünya Kəməri" uğrunda döyüşlərə həsr olunmuş mətbuat konfransı və çəkiölçmə mərasimi təşkil edilib. 

"Report"un məlumatına görə, tədbirdə Ümumdünya MMA (qarışıq döyüş) Assosiasiyalarının prezidenti Vadim Finkelşteyn Bakıya əvvəllər səfər etdiyini xatırladıb. 

O, Azərbaycan paytaxtında keçiriləcək yarışda R.Həsənovun rolundan danışıb. Bildirib ki, beynəlxalq qurumun Azərbaycanda tanıdığı yeganə rəsmi MMA federasiyası məhz bu qurumdur: "Biz yalnız bu federasiyanı rəsmən tanıyırıq. Əvvəl müvəqqəti üzv idi. İndi bütün sənədlər təqdim olunub və bu səbəbdən, Azərbaycan MMA Federasiyası daimi üzvümüzə çevrilib. İstəyirik ki, bu cür yarışların Azərbaycanda keçirilməsi daimi hal alsın və ən azı, ildə iki dəfə olsun".

M-1 döyüşünün 20 ildən çoxdur brend olduğunu vurğulayan Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov qeyri-olimpiya növlərinə verdiyi dəstəkdən dolayı ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O, hamının sabah keçiriləcək yarışı böyük maraqla gözlədiyini vurğulayıb: "İlk dəfədir ki, Azərbaycanda belə yarış keçirilir. Bizim 3 idmançımız döyüşlərdə iştirak edəcək. Hər kəsi döyüşləri izləməyə dəvət edirəm".

Gecənin döyüşündə rinqə çıxacaq E.Atakişiyev maraqlı döyüş vəd edib: "İspaniyalı Adrian Pereslə görüşəcəyəm. Təbii ki, həyəcan var. Özümü bu döyüşə tam hazır hiss edirəm. İnanıram ki, yaddaqalan döyüş olacaq".

Kəmər uğrunda döyüşəcək belaruslu Artyom Damkovski və ukraynalı Aleksandr Butenko isə qarşılaşmaya hazır olduqlarını, bunun üçün uzun müddətdir məşq etdiklərini bildiriblər. Onlar bu döyüşü "iki canavarın döyüşü" adlandırıblar.

Kəmər uğrunda digər qarşılaşmada məğlubiyyət üzü görməyən rusiyalı Maqomed İdrisovla slovakiyalı İvan Buxinger üz-üzə gələcək. 

Konfransdan sonra idmançıların rəsmi çəki mərasimi keçirilib.

Qeyd edək ki, döyüşlər iyunun 4-də Sərhədçi Olimpiya Kompleksində keçiriləcək və 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi