Bakıda "Formula 1" yarışına ilk biletlərin satışı məntəqəsi açılıb

Bakıda "Formula 1" yarışına ilk biletlərin satışı məntəqəsi açılıb Azərbaycan vətəndaşları və burada məskunlaşmış xarici vətəndaşlara biletlər 20-40% endirimlə təklif olunur
Fərdi
8 Mart , 2016 12:53
Bakıda Formula 1 yarışına ilk biletlərin satışı məntəqəsi açılıb

Bakı. 8 mart. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Park Bulvar" Ticarət Mərkəzində bu ilin yayında Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisi yarışına biletlərin satıldığı ilk məntəqənin açılışını edib.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, ticarət mərkəzinin birinci mərtəbəsində əsas giriş tərəfdə yerləşən məntəqə yarışa bilet almaq istəyənlərə həftənin hər günü, hələlik saat 10:00-dan 22:00-dək xidmət göstərəcək. Bu saatların gələcəkdə mövcud vəziyyətə görə dəyişdirilməsi nəzərdə tutulub. Bununla yanaşı, yaxın günlərdə əlavə bir neçə bilet satışı məntəqəsinin açılışı gözlənilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışı məntəqələrinin fəaliyyətə başlamasına belə münasibət bildirib: “Biz yerli "Formula 1" həvəskarlarına Avropa Qran-Prisinə bilet almanı asanlaşdırmaq üçün bu məntəqəni açdıq. Yerli tamaşaçılar onlar üçün təklif olunan imtiyazlı biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi vebsaytı vasitəsi ilə yanaşı buradan da əldə edə bilərlər. Məhdud sayda bilet var. Biz hamını bilet almağa dəvət edirik. Bu işdə tələssinlər, sonraya bilet qalmaya bilər”.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarına və Azərbaycanda məskunlaşmış xarici ölkə vətəndaşlarına biletlər 20-40%-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs imtiyazlı biletlərdən ən çoxu 4-nü ala bilər. İmtiyazlı biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar "Formula 1" yarışı ilə yanaşı keçirilən GP2 seriya yarışlarını izləmək və dənizkənarı bulvar ərazisində salınacaq "Formula 1" şəhərciyinə giriş imkanı əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi