Yuxarı

Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının hazırlıq vəziyyəti müzakirə olunub

Bununla bağlı xüsusi toplantı keçirilib

Bakı. 4 iyul. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının hazırlıq vəziyyətini müzakirə etmək üçün xüsusi görüş keçirilib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda əsas yığmanın Qəbələ, ikinci komandanın Bakıdakı hazırlığı, o cümlədən qadın şahmatçıların ilk təlim-məşq toplanışının nəticələri barədə fikir mübadiləsi aparılıb.  

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bundan sonra da olimpiadada iştirak edəcək bütün komandalara hazırlıq üçün yüksək səviyyədə şərait yaradılacağını bildirib: "42-ci Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımız üçün böyük əhəmiyyət kəsb edir. İlk dəfə olaraq belə mötəbər yarış Azərbaycan paytaxtında təşkil olunacaq. Olimpiadada layiqincə iştirak etmək üçün Gənclər və İdman Nazirliyi, federasiyamız tərəfindən bütün komandalarımıza lazımi şərait yaradılıb. Həm kişi, həm də qadınlardan ibarət komandalar artıq təsdiq olunan hazırlıq proqramına uyğun məşqləri davam etdirəcək. Kişilərdən ibarət əsas yığmanın olimpiadaya qədər daha iki təlim-məşq toplanışı nəzərdə tutulub. Ümid edirik ki, komandalarımız olimpiadada Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq".

Qeyd edək ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, eləcə də milli komandaların məşqçiləri iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi