Yuxarı

​Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi və hotellərlə əməkdaşlıq memorandumu imzalanıb

Mərasimdə Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, FİDE-nin vitse-prezidenti Georgios Makropulos və hotellərin nümayəndələri iştirak edib

Bakı. 11 aprel. REPORT.AZ/ Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasında qonaqların və iştirakçıların məskunlaşacağı hotellərlə qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalayıb. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imzalanma mərasimində Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti, hazırda qurumun rəhbəri vəzifəsini icra edən Georgios Makropulos və hotellərin nümayəndələri iştirak edib.

M.Məmmədov əməkdaşlığa görə təşəkkürünü bildirib və Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsində hotellərin rolunun böyük olduğunu qeyd edib. "Olimpiadada 175-dən çox ölkədən 2500-dən artıq yaxın şahmatçı, məşqçi, rəsmilər və qonaqlar paytaxtımıza gələcək. Onların 15 gün ərzində yaxşı şəraitdə yaşamasını təmin etmək vacibdir. Ən vacib məqamlardan biri qidalanma ilə bağlıdır. Kütləvi yarışlarda hamını razı salmaq çətin olsa da, mümkündür. Sizinlə birgə 42-ci Şahmat Olimpiadasını yüksək səviyyədə keçirəcəyimizə inanırıq".

G.Makropulos da öz növbəsində Olimpiadaya dəstək olduqları üçün bütün hotellərə təşəkkür edib: "Şahmat Olimpiadası idman təqvimində ən kütləvi yarışlardan biri sayılır. 170-dən çox ölkənin iştirak etdiyi yarışda qonaqların qalacağı məkan diqqət mərkəzində olan amillərdən biridir. Şahmat Olimpiadasının bir hissəsi olaraq Əməliyyat Komitəsi ilə əməkdaşlığa görə sizə təşəkkür edirik. Azərbaycan şahmat üzrə bir sıra mötəbər yarışlar təşkil edib. 2015-ci ildə Dünya Kuboku bu gözəl şəhərdə yüksək səviyyədə keçirildi. Ona görə Bakıdakı olimpiadanın da ən yaxşı xatirələrlə yadda qalacağına ümid edirik".

Qeyd edək ki, mərasimdə Fairmont Hotel, Holiday Inn, Park Inn, Intourist, Boulevard Hotel, Qafqaz City, Qafqaz Sport, Hilton və Days Inn hotelləri ilə müqavilələr imzalanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi