Yuxarı
    Bağlamaq

    “Bakı Marafonu 2016”nın ən yaşlı iştirakçısı: “Sağlam yaşamaq üçün qaçıram”

    “Bakı Marafonu 2017”də 21 kilometri 1 saat 45 dəqiqəyə qaçmağı düşünürəm

    Bakı. 12 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017” yarışına hazırlıq çərçivəsində "Bakı Marafonunun İnsanları" layihəsi davam edir. 

    “Report”un məlumatına görə, “Sport Marketing Group” (SMG) şirkətinin təşkilatçılığı ilə reallaşan rubrikanın növbəti qonağı “Bakı Marafonu 2016”nın ən yaşlı iştirakçısı Tanverdi Əliyev olub.

    Yetmiş səkkiz yaşlı marafonçu bildirib ki, indiyə qədər 40 yaxın marafonda qaçıb. Onun sözlərinə görə, qaçmaq insan üçün hər cəhətdən faydalıdır: “Qədim Ellada tarixindən başlayaraq nahaq yerə demirlər ki, sağlam olmaq istəyirsənsə, qaç! Ağıllı olmaq istəyirsənsə, qaç! Gözəl olmaq istəyirsənsə, qaç! Xoşbəxt olmaq istəyirsənsə, qaç! Mənə baxın - ağıllıyam, gözələm, sağlamam və xoşbəxtəm! Çünki işim-peşəm səhərlər idmanla məşğul olmaqdır. İki ildir ki, evin yaxınlığındakı Yasamal parkında qaçıram. Əvvəllər isə ancaq küçələrdə qaçırdım. 78 yaşım var. Bu yaşıma kimi 40-a yaxın marafonda qaçmışam. İtaliya, Fransa, Finlandiya, Macarıstan, Rusiya, Türkiyə və başqa ölkələrdə təşkil olunan marafonlarda iştirak etmişəm. 70 yaşımda bir il ərzində 4 marafonda qaçmışdım, deyəsən,  yaşıma görə əla göstəricidir."

    “Bakı Marafonu 2016”nın ən yaşlı iştirakçısı kimi tarixə düşdüyü üçün sevindiyini söyləyən T.Əliyev növbəti yarışda nəticəsini yaxşılaşdırmaq istədiyini ifadə edib. O, marafona hazırlaşmaq üçün daha çox Botanika bağına getdiyini qeyd edib: “Sevinirəm ki, neçə illərdən sonra “Bakı Marafonu 2016” təşkil olundu. Adım Bakı marafonçularının siyahısında yer aldı. Digər marafondan əsas fərq onda oldu ki, ən yaşlı marafonçu kimi tarixə düşdüm. “Bakı Marafonu 2016”da 21 km-lik məsafəni 1 saat 52-dəqiqəyə qaçmışdım. Bu il keçiriləcək “Bakı Marafonu 2017”də isə 1 saat 45 dəqiqəyə qaçmağı düşünürəm. Marafona hazırlıq üçün yaxşı qaçış məkanı istəyirsinizsə, Botanika bağına gedin. Bağın içində salınan yollar asfaltdandır deyə, marafon üçün hazırlığı rahatlaşdırır. Marafon yarışları da asfalt üzərində olduğuna görə, məşq zamanı bunu mütləq nəzərə almaq lazımdır. Hə, bir də Botanika bağında hara baxırsan, ağaclıq, quşlar, meşəlik, sakitlik... Əntiqə yerdir”!

    Qaçış üzrə şəxsi rekordunun 86 km olduğunu deyən 78 yaşlı marafonçu, həmin məsafəni 5 saat 40 dəqiqəyə qəth etdiyini söyləyib: “Moskva - Ruzas şəhərləri arasındakı məsafəni 5 saat 40 dəqiqəyə qaçmışam. Həmin yarışda 3-cü yeri tutmuşam. Elə bilirsiniz, finişə çatmaq bu qədər asandır?! Mənim də bezdiyim, yorulduğum vaxtlar olur. Belə olanda mübarizə aparıram. Əsas fikrim o olur ki, axıra kimi qaçım. Nə olursa olsun, qaçış xəttindən kənarda olmayım. Məsələn, “Moskva Marafonu”nda iştirak edirdim. Oğlum məni dəstəkləməyə gəlmişdi. Bütün marafon boyu velosipedlə məni müşayiət edirdi. 32 km-ə çatanda hiss etdim ki, yorulmuşdum. Nəfəsim kəsilirdi, yarışdan kənara çıxmağı düşünürdüm. Amma oğlum məni həvəsləndirirdi: “Ata, hər şey qaydasındadır, normaldır. Sən bacaracaqsan! Davam elə!”. Onun sözləri mənə güc verdi. Və mən sona qədər qaçdım! Deyim ki, qaçış üçün motivsiya axtarmıram. Motivasiya artıq mənim xarakterimə hopub. Mən bununla yaşayıram. Qaçış mənim həyat tərzimdir. Ümumiyyətlə, marafonda qaçmaq mənə sevinc gətirir, həyatımı uzadır. Dünya görüşümü çoxaldır. Güclənirəm, xoşbəxt oluram. Qaçıb məsafəni bitirəndən sonra xoşbəxtliyim ikiqat artır. İnsanlar bilsələr ki, qaçış sağlamlığa nə qədər xeyirdir, elə hey qaçarlar. Mənə baxın, 78 yaşımda özümü gümrah hiss edirəm, sağlım yerindədir. Niyə? Çünki mən yaşamaq, daha doğrusu, sağlam yaşamaq üçün qaçıram”.

    Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi