"Burada demək olar ki, işimiz çoxdur".
Bunu "Report"a açıqlamasında Bakı İdman Sarayının yeni direktoru Əli Əsgərov deyib.
Əsgərov iki həftə ərzində gördükləri işlərə diqqət çəkib: "Burada internet sistemini yenilədik, mühafizəni sistemləşdirdik. Aşağı mərtəbədə idman zallarını yavaş-yavaş formalaşdırırıq. Çalışırıq ki, iş getsin. İki həftə ərzində çox iş görmüşük".
O, müasir və standartlara uyğun işlər görəcəklərini bildirib: "Məni bu vəzifəyə gənclər və idman naziri Fərid Qayıbov təyin edib. Məqsədimiz çoxdur. Bu idman kompleksini qaldırmaq, 5 ulduzlu hotelin servisini qurmaq istəyirik. Müasir və standartlara uyğun işlər görməli, struktur qurmalıyıq".
Əsgərov idman obyektində yeni təyinatların olacağını söyləyib: "İş prosesi böyüdükcə təyinatlar olacaq. Biz mühafizəni müasirləşdirməliyik. Burada mühafizə sistemini yenidən quracağıq".
Yeni direktor özü barədə də danışıb: "47 yaşım var, əvvəllər boks, kikboksinq, cüdo və karate ilə məşğul olmuşam. Həmişə idmanla əlaqəm olub. Son olaraq "Azərişıq"da satışa nəzarət idarəsində rəis müavini kimi çalışmışam".