"Bakı 2018" Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib

"Bakı 2018" Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı 2018 Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib.
Fərdi
6 Aprel , 2018 19:57
Bakı 2018 Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün "Bakı 2018" Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Türk Şurasının baş katibi Ramil Həsənov, iştirakçı ölkələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Mərasimdə əvvəlcə bədii kompozisiya nümayiş olunub. Türk xalqlarının simvolu olan Dədə Qorqud tanınmış tarixi sərkərdələri səhnəyə dəvət edib. Daha sonra, Azərbaycanın xalq musiqiləri səsləndirilib, mahnılar ifa olunub. Həmçinin rəqs qrupları xüsusi səhnəciklər təqdim ediblər.

A.Rəhimov tədbiri açaraq bildirib ki, müasir qloballaşan dünyada türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir: "Sevindirici haldır ki, türk dövlətlərinin dostluğu getdikcə möhkəmlənir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, XXI əsr türk dünyasının əsri olmalıdır. Bu işdə idman da öz töhfəsini verməlidir. Hazırda iştirakçısı olduğunuz Oyunlar bu baxımdan önəmlidir. Hər kəsə uğurlar arzulayıram".

R.Həsənov isə çıxış edərək dörd qardaş ölkədən 400-ə yaxın insanın bir arada olmasından qürur hissi keçirdiklərini deyib: "İlk Türk Şurası Universitet İdman Oyunlarına ev sahibliyi etməyimiz bizim üçün fəxrdir. İnanırıq ki, gələcəkdə iştirakçı ölkələrin sayı artacaq".

Daha sonra, mərasim güləş yarışları ilə davam etdirilib.

Qeyd edək ki, futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo və güləş üzrə olacaq yarışlarda Azərbaycan, Türkiyə, Qırğız Respublikası və Qazaxıstan idmançıları iştirak edəcəklər. Oyunlar saat 10:00 – 18:00 aralığında baş tutacaq. Bağlanış mərasimi aprelin 9-da gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi