Azərbaycanlı məşqçi: "Rusiyada ola-ola öz millətimə daha çox xeyrim dəyər”

Azərbaycanlı məşqçi: "Rusiyada ola-ola öz millətimə daha çox xeyrim dəyər” "Burada 10 min nəfərin cüdo ilə məşğul olması çox sevindiricidir"
Fərdi
6 Yanvar , 2017 14:10
Azərbaycanlı məşqçi: Rusiyada ola-ola öz millətimə daha çox xeyrim dəyər”

Bakı. 6 yanvar. REPORT.AZ/ “Azərbaycan cüdoçuları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çox gözəl çıxış etdi. Altı cüdoçunun hər birinin çıxışı əla alındı”. 

Bunu "Report"a açıqlamasında Rusiya Cüdo Federasiyasının Şimal-Qərb bölgəsi üzrə rəhbəri Elman Qurbanov deyib.

Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün təşkil etdiyi seminarla əlaqədar Bakıda olan təcrübəli mütəxəssis Azərbaycanda bu növün hazırkı vəziyyətindən danışıb. "Rio-2016"da qazanılan 2 gümüş medalı böyük nailiyyət adlandıran E.Qurbanov bildirib ki, hazırda Azərbaycanda bu növdə inkişaf prosesi yaşandığından, nəticələrin ardı gələcək: “2009-cu ildə Podolskda təlim-məşq toplanışında idik. Dünya çempionatının seçmə qrup matçında Rusiya və Azərbaycanın futbol yığmaları üz-üzə gəlirdi. Azərbaycan millisi 0:2 hesabı ilə uduzdu. Orada ruslar bunu xüsusi dedilər, bir qədər zarafatlaşdıq. Mən isə futbolu idman deyil, şou saydığımı dedim. Bildirdim ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda Nazim Hüseynovla Elnur Məmmədli kimi 2 olimpiya çempionu yetişib, amma sizdə yoxdur. Düzdür, onlar 2012-ci il London olimpiadasında 3 qızıl medal qazandılar. Amma mən bu gün Azərbaycan birinciliklərinin protokollarına baxıram, bir çəki dərəcəsində 40-50 gənc güləşir. Rəqabət olan yerdə güclü idmançılar yetişəcək. Hər biri də irəli getmək, vətənini tanıtmaq istəyir. Dünya reytinqində çəkilər üzrə də baxanda da ilk “10-luq”da Azərbaycan idmançılarını görürük”.

Əslən azərbaycanlı mütəxəssis İJF seminarının açılışında eşitdiyi statistikaya görə sevindiyini də qeyd edib: “Azərbaycan balaca ölkədir. Təqribən 10 milyon əhali var. Amma Rusiyanın 140 milyon əhalisi var. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də bildirdi ki, bu gün 10 min nəfər bu idman növü ilə məşğul olur. Bu, çox sevindiricidir. Rusiyada isə bu rəqəm 20 min nəfər təşkil edər”.

Azərbaycanda çalışma təklifi almadığını deyən mütəxəssis bildirib ki, işini Rusiyada davam etdirməyin tərəfdarıdır: “İşimi qurmuşam, buna orda da davam etmək istəyirəm. Fikrimcə, Rusiyada ola-ola öz millətimə daha çox xeyrim dəyər”.

Əslən Gəncədən olan Qurbanov Azərbaycandan necə ayrılmasını da xatırlayıb. O bildirib ki, 1988-ci ildə orta məktəbi başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Ukraynaya yollanıb: “Bir il sonra hərbi xidmətə yollandım. Əsgərliyimi MOİK-də keçdim. Sonra yenidən Ukraynaya qayıtdım. İnstitutu bitirdikdən sonra elə alındı ki, bu işlə məşğul oldum. Rusiyanın Çerepovets şəhərinə gəldim. Burada cüdo anlayışı belə yox idi. 1997-ci ildə hər şeyə sıfırdan başladım. 400 min əhalisi olan şəhərdə bu gün özümün məktəbim də var".

Keçmiş SSRİ-nin idman ustası Azərbaycanın tanınmış simalarından Mövlud Mirəliyev, Fərhad Məmmədovla birgə məşq edib. O, sambo üzrə Azərbaycan çempionatının mükafatçısı da olub. 2014-dən hakimlikdə A kateqoriyasına yiyələnən E.Qurbanov Rusiya Cüdo Federasiyasında işə başlamasını əməyinin bəhrəsi hesab edir: “Yaşadığım Çerepovets şəhərində müxtəlif yarışlar və spartakiadalar keçirməklə federasiyanın diqqətini cəlb etdim. Bundan sonra da federasiyadan iş təklifi gəldi. Bu gün cüdoda Şimal-Qərb bölgəsi üzrə hər şeyə cavabdehliyi mən daşıyıram. Regionumuzdan müxtəlif yaş qrupları üzrə yığmaların heyətinə düşən qızlar və oğlanlar var. Demirəm ki, aparıcı regionuq. Amma artıq inkişafa nail olmuşuq”.

E.Qurbanov 20 illik karyerası ərzində 2016-cı ili uğurlu hesab edib. O vurğulayıb ki, ötən il bir sıra lazımı nəticələr qazanıblar: “15 yaşadək yeniyetmələrdən ibarət komandam Rusiya birinciliyinin qalibi oldu. Olimpiya məktəbləri arasında 3-cü yeri tutduq və bunun nəticəsi kimi məktəbimizin adına “Olimpiya ehtiyatları” adı da əlavə edildi. 1 milyon rubl qrant udduq, ona da lazımı ləvazimatları aldıq. Fikrim var ki, şəhərdə Şimal-Qərb bölgəsi üzrə bir mərkəz də tikək. Dövlət səviyyəsində, həmçinin biznesmenlərdən kömək var”.

Qeyd edək ki, Elman Qurbanov öz yetirmələrindən Kseniya Tuquşini artıq Azərbaycan millisinə təklif edib.

Son xəbərlər

Orphus sistemi