Yuxarı

​Azərbaycanlı hakim Olimpiya dərəcəsi alıb

Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) ötənilki yarışlarda və hakimlik imtahanlarında göstərilmiş nəticələr əsasında 2015-ci il üçün hakimlik dərəcələri təyin edib. "Report"un məlumatına görə, UWW-nin siyahısında azərbaycanlı hakimlərdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. 

Yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 yerli hakim var. Davam edən islahatların nəticəsində olimpiya kateqoriyası "S"lə əvəzlənib. Bu siyahıda Azərbaycanı Hicran Şərifov və İntiqam Alıyev təmsil edir. H.Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Yay Olimpiya Oyunlarında iştirak edib. Gənc hakim İntiqam Alıyev isə ötən il Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib.

UWW-nin imtahanından uğurla keçən digər ədalət təmsilçisi isə Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəlib.

Qeyd edək ki, yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə III dərəcə hakimlik adı alıb. Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi