Aleksandr Tarakanov: "Azərbaycanlı güləşçilərin fərqli texniki bacarıqları var"

Aleksandr Tarakanov: "Azərbaycanlı güləşçilərin fərqli texniki bacarıqları var" Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib.
Fərdi
23 Oktyabr , 2019 11:43
Aleksandr Tarakanov: Azərbaycanlı güləşçilərin fərqli texniki bacarıqları var

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib. 

"Report"un məlumatına görə, rusiyalı mütəxəssis yeni komandasıyla bağlı ilk təəssüratlarını bölüşməklə yanaşı, hazırlıq planı haqqında məlumat verib. O, 1993-94-cü illərdə Türkiyə yığmasında köməkçi-məşqçi kimi işlədəyini bildirib: "Rusiya xaricində ilk dəfə baş məşqçi kimi çalışıram. Azərbaycan yığması yaxşı komandadır. Burada güləşçilərin fərqli texniki bacarıqları var. Hələ SSRİ dönəmində yetişmiş güclü yunan-Roma güləşçilərin davamçılarını görməkdəyik. Onlar öz bacarıqlarını yeni nəsilə ötürüb. Yeganə mənfi məqam Olimpiadaya lisenziya qazanılmamasıdır. Halbuki millidə güclü güləşçilər var və mənə elə gəlir ki, biz bu missiyanın öhdəsindən gələcəyik".

Tarakanov güləşçilərin fiziki hazırlığının qaydasında olduğunu sözlərinə əlavə edib: "Amma xalça üzərində məşqlərə daha çox ehtiyac var. Bəlkə məhz xalça üzərində məşqlər yetərincə olmadığı üçün dünya çempionatında nəticə ürəkaçan olmadı. Ancaq güləşçilərin təcrübəsinə söz ola bilməz. Həftəlik məşqlərə gəlincə, çərşənbə və şənbə günləri 1 məşqimiz olur. Qalan günlər 2, bəzən isə 3 hazırlıq prosesi baş tutur. İndi yüklənmə dövrünü keçirik. Azərbaycan çempionatından sonra Minskdə təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Rusiyanın baş məşqçisi ilə də birgə hazırlıqla bağlı danışıqlar aparırıq. Ustalıq səviyyəsini artırmaq üçün belə toplanışlara ehtiyac var. Dekabrda keçiriləcək Azərbaycan çempionatında bütün yığma üzvlərinin iştirakı nəzərdə tutulub. Çünki bu yarışın nəticələrinə əsasən millinin heyəti yenidən formalaşdırılacaq. Daha sonra isə Avropa çempionatı və bizim üçün daha böyük önəm kəsb edən lisenziya turnirlərinə hazırlığa başlayacağıq. Uşaqlar məşqlərdə belə həvəslə işləməyə davam etsə, lisenziyaları qazanacaqlar. Bizdə xüsusən 60, 67, 87 və 130 kq-da rəqabət güclüdür və yaxşı perspektiv var".

Qeyd edək ki, Aleksandr Tarakanov oktyabrın 11-dən Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasında baş məşqçi kim fəaliyyətinə başlayıb. 

Son xəbərlər

Orphus sistemi