Kiyev. 14 noyabr. REPORT.AZ/ Noyabrın 12-də Kiyevdə Ukrayna qəhrəmanı Dmitri Maksimovun xatirəsinə həsr olunmuş II Ümumukrayna cüdo turniri keçirilib.
"Report"un Ukrayna bürosu xəbər verir ki, yarışın mükafatçıları arasında Azərbaycan diasporunun nümayəndəsi, 9 yaşlı Anar Niftullayev də olub.
O, 35 kq. çəki dərəcəsində mübarizə aparıb və Kiyevin "Master" cüdo idman klubunu təmsil edib. Həmyerlimiz turnirdə ikinci yeri tutaraq gümüş medala sahib çıxıb.
"Mən öz üzərimdə çox çalışdım və bir həftə əvvəl ayaq əzələmi dartmağıma baxmayaraq, məşqləri davam etdirdim. Mən artıq 4-cü ildir ki, cüdo ilə məşğul oluram. Və bunu gələcəkdə də davam etdirmək, öz üzərimdə işləmək və Olimpiya çempionu olmaq, həmçinin ya Ukrayna, ya Azərbaycanın adından çıxış etmək istəyirəm", – deyə Anar Niftullayev "Report"a bildirib.
Turnirdə Ukraynanın xalq deputatları, Kiyev Şurasının deputatları, ölkənin əməkdar məşqçiləri, Ukraynanın idman təşkilatları və nazirliklərinin nümayəndələri iştirak ediblər.
Yarışlarda ümumilikdə Ukrayna vilayətlərinin 700-dən çox nümayəndəsi, o cümlədən Belarus təmsilçilər mübarizə aparıblar. Turnir 9-13 yaşlı uşaqlar arasında keçirilib.