Yuxarı

Azərbaycanın iki ağır atleti Avropa çempionatında qızıl medal qazanıb - FOTO

Səbinə Əzimova və Fuqan Əliyev qitə birinciliyinin qızıl medallarına sahib olublar

Varşava. 13 sentyabr. REPORT.AZ/ Polşanın Novı-Tomısl şəhərində yeniyetmə və gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının üçüncü günü Azərbaycan yığması üçün uğurlu olub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, yığmamızın üzvləri Səbinə Əzimova (48 kq.) və Fuqan Əliyev (62 kq.) qitə birinciliyinin qızıl medallarına sahib olublar. Körpücük üzərinə ilk olaraq yeniyetmələr arasında 62 kq. çəkidə mübarizə aparan ağır atletimiz Fuqan Əliyev çıxıb. İdmançımız birdən 105 kq., təkanla isə 135 kq. ağırlığın öhdəsindən gələrək toplam 235 kq. nəticə ilə qrupda mübarizə aparan digər ağır atletləri geridə qoyub. Nəticədə Fuqan Əliyev Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı qazandırıb.

Günün ikinci qızıl medalı isə gənclər arasında 48 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən yığmamızın üzvü Səbinə Əzimovadan gəlib. Xanım atletimiz 152 kq. nəticə ilə (65kq.+87kq.) onu yaxından izləyən bolqarıstanlı Nguen Nadezhda (151 kq.) və Böyük Britaniya idmançısı Jones Catrini (143 kq.) qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclər arasında 62 kq. çəkidə çıxış edən idmançımız İsa Rüstəmov mübarizəyə yaxşı başlasada sonda ağır atletimiz qrupda 6-cı olub.

Bu gün keçiriləcək yarışın dördüncü günündə daha dörd idmançımız Kamran Ağalarov, Tarmenxan Babayev, Əlimərdan Alxasov (hər üçü 69 kq.) və Lalə Rzazadə (58 kq.) medallar uğurunda mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, Avropa Çempionatının ilk iki günündə ağır atletlərimiz Rüstəm Qasımov və İsmayıl Məmmədov ölkəmizin aktivinə 2 bürünc medal qazandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi