Bakı. 21 May. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
“Report” xəbər verir ki, o, finalda türkiyəli Yunus Sarı 5:0 hesabı ilə məğlub edib.
***17:39
İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın daha bir taekvondoçusu finala yüksəlib. "Report"un məlumatına görə, bu, Milad Beigi Harçeqanidir.
80 kq çəki dərəcəsində çıxış edən iranlı legioner mübarizəyə 1/8 final mərhələsindən başlayıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Harçeqani serbiyalı İvan Karayloviçi 13:0, böyük britaniyalı Muhammad Lutalonu 13:1, və polşalı Pyotr Pazinskini 16:4 hesabı ilə məğlub edib. Olimpiyaçının finaldakı rəqibi türkiyəli Yunus Sarı olacaq.
Onunla eyni çəkidəki Ramin Əzizov ilk görüşündə slovakiyalı David Saykonu 10:1 hesabı ilə yensə də, 1/8 finalda Muhammad Lutaloya 0:5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
74 kq çəki dərəcəsindəki Namaz Heydərov da norveçli Yon Aspla görüşündən 7:5 hesablı üstünlüklə ayrılsa da, 1/8 finalda belçikalı Nikolas Kortenə uduzub - 8:14. Bu çəkidə yer alan Səid Quliyev ilk görüşündə italiyalı Klaudio Trevizo ilə bərabərliyə qalıb - 0:0. Lakin hakimlərin qərarı ilə Trevizo üstün tərəf sayılıb.
Digər olimpiyaçı Fəridə Əzizova qadınlar arasında 67 kq çəkidə serbiyalı Nadya Savkoviçə 3:0 hesabı ilə qalib gəldikdən sonra 1/4 finalda türkiyəli Nur Tatara minimal hesabla yenilib və medalsız qalıb. Eyni aqibəti 62 kq çəkidəki Eris Yaprak da yaşayıb. O, ukaynalı Darya Yakovlevanı 10:5, hollandiyalı Coys van Bareni 4:1 hesabı ilə yensə də, 1/4 finalda türkiyəli İrem Yamana uduzub - 0:8.
Qeyd edək ki, ilk yarış günündə Patimat Abakarova (53 kq) gümüş medal qazanıb.