Yuxarı

​Azərbaycanın daha 3 cüdoçusu Qran-Pridə mübarizəyə qoşulub

İki cüdoçumuz bürünc medal görüşündə üz-üzə gələcək

Bakı. 2 iyul. REPORT.AZ/ Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Qran-Pridə bu gün Azərbaycanın daha 3 cüdoçusu döşək üzərinə çıxıb.

"Report"un məlumatına görə, 73 kq və 81 kq çəkidə gedən mübarizədə iki idmançımız yarımfinala vəsiqə qazanıb.

73 kq-da çıxış edən Fəqan Quluzadə əvvəlcə 1/4 finalda Çin idmançısı Yandelixey Ba ilə görüşüb. Qələbə qazanan Azərbaycan cüdoçusu yarımfinalda monqolustanlı Batgerel Battsetsegə yenilib. Eyni çəkidə mübarizə aparan Telman Vəliyev rusiyalı Leo Foqelə uduzub. O, qazaxıstanlı Nurlan Orazalinlə keçiriləcək təsəllevirici görüşdən qalib ayrılıb. Bürünc medal görüşündə Quluzadə və Vəliyev üz-üzə gələcək. Nəticədən asılı olmayaraq, Azərbaycanın aktivinə daha bir bürünc medal yazılacaq.

81 kq-da isə Afiq Səfərli 1/4 finalda monqolustanlı Altsunx Batmunxu yenib. O, yarımfinalda çexiyalı Musil Yaromirlə münasibətlərinə aydınlıq gətirib. Bu göüşdə məğlubiyyətlə üzləşən idmançımız bürünc medal uğrunda görüşdə koreyalı Yunq Von Yunla qarşılaşacaq.

Yarışın ilk günündə 60 kq-da çıxış edən Davud Məmmədsoy bürünc medal qazanıb. Qran-Prinin son günündə - sabah isə Azərbaycanın daha 3 cüdoçusu yarışacaq.

Qeyd edək ki, Qran-Pridə 13 ölkədən 65 kişi və 61 qadın cüdoçular mübarizə aparır. Azərbaycan yarışda 9 kişi cüdoçu ilə təmsil olunur. Qızıl medal qazanan idmançıya 3 000 dollar, ikinci pillənin sahibinə 2 000 dollar, bürünc medal qazanan idmançılara isə 1 000 dollar mükafat verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi