Azərbaycanın 12 yaşlı şahmatçısı tezliklə beynəlxalq qrossmeyster dərəcəsinə yiyələnə bilər

Azərbaycanın 12 yaşlı şahmatçısı tezliklə beynəlxalq qrossmeyster dərəcəsinə yiyələnə bilər "Maliyyə probleminə görə hər yarışa getmək olmur"
Fərdi
118
20 Aprel , 2018 17:29
Azərbaycanın 12 yaşlı şahmatçısı tezliklə beynəlxalq qrossmeyster dərəcəsinə yiyələnə bilər

Bakı. 20 aprel. REPORT.AZ/ "Martın 25-də ABŞ-a yollandıq. Turnir isə martın 28-dən aprelin 1-nə qədər Filadelfiya şəhərində keçirildi. Ümid 3-cü yeri tutdu. 5 oyunda qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə turniri başa vurdu".

Bunu "Report"a açıqlamasında ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən beynəlxalq şahmat turnirində bürünc medal qazanan Ümid Aslanovun atası Fuad Aslanov deyib.

Onun sözlərinə görə, Amerikadakı yarışda erməni şahmatçılar da iştirak edib. Lakin Ü.Aslanov onlarla qarşılaşmayıb: "Bu dəfə rəqibləri ABŞ, Çin və Hindistan şahmatçıları oldu. Daha əvvəl Gürcüstanda keçirilmiş turnirlərdə isə 5 ermənini məğlub edib. Onlar da Ümiddən 2 yaş böyük idilər. Hər halda, 6 yaşlı uşağın özündən 2 yaş böyük ermənini udması yaxşı nəticədir".

F.Aslanov övladının çox istedadlı olduğunu və indiyədək yaxşı nəticələr əldə etdiyini söyləyib. Lakin o, əsas problemlərinin sponsor sarıdan olduğunu qeyd edib: "Bir neçə şirkətə və vəzifəli şəxsə müraciət etmişik. Amma yaxın duran olmayıb. Abşeron Rayon İcra Hakimiyyətindən də dəstək gözləyirik. Bizə köməklik etsinlər. Hələ ki, ortada böyük dəstək yoxdur. Köməklik edilsə, yaxşı olar. İstedadlı uşaqdır, Azərbaycan və Avropa çempionu olub, dünya çempionatında isə yer tutub. Nəticələr göz qabağındadır. Amma dəstək azdır".

F.Aslanovun sözlərinə görə, lazımi diqqət göstərilsə, övladı gələcəkdə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi şahmatçı ola bilər: "Hər şey mümkündür. Niyə də olmasın? Teymur Rəcəbova uşaq vaxtı olan diqqət Ümidə də olsa, o səviyyəyə yüksəlmək olar. Uşaq səhərdən axşama kimi şahmatla məşğul olur. Yüksək səviyyəli məşqçilərlə işləsə, daha çox uğur qazanar. Yenə qeyd etmək istəyirəm ki, maliyyə məsələləri böyük rol oynayır". 

Atası Ü.Aslanovun qarşıdakı yarışlarından da danışıb: "Tezliklə Azərbaycan çempionatı başlanır. Ayın axırında isə "Naxçıvan Open"də iştirak edəcəyik. İyulda isə, böyük ehtimalla, ABŞ-a turnirə yollanacağıq. Ümid özünü okeanın o tayında tanıtdırdı. Qismət olsa, yenə ora gedəcəyik. Buna görə də maliyyə dəstəyi gözləyirik. Köməklik etsələr, yaxşı olar. Avqustda isə Avropa çempionatı var. Maliyyə probleminə görə hər yarışa getmək olmur. Buna tək valideynin gücü çatmır. ABŞ-da turnir böyüklər arasında idi. Orda hər yaş kateqoriyasından var idi. Bu turnirdə pul mükafatı da var idi. Ona görə rəqabət güclü idi. Ümid də pul mükafatı qazandı. Birinci yeri tuta bilməsə də, bu da bir uğurdur. Bundan sonrakı yarışlar üçün reytinqi də qalxdı".

F.Aslanov oğlunun tezliklə beynəlxalq qrossmeyster səviyyəsinə yüksələ biləcəyini istisna etməyib: "Şəhriyyar Məmmədyarovun 14 yaşa qədər böyük uğuru olmayıb. O, 17 yaşından sonra beynəlxalq qrossmeyster olub. Teymur Rəcəbov isə bunu 14 yaşında əldə edib. Ümidin də beynəlxalq qrossmeyster almağı mümkündür. 3-4 ilə bu uğuru əldə etmək olar. Peşəkar olması üçün maliyyə dəstəyi lazımdır. Bu uşaq yaxşı nəticələr qazanırsa, deməli, istedadı var. Amma Ümidə bir az diqqət göstərilməlidir. Dəstək olmalıdırlar ki, nəticələr də davamlı olsun. Beynəlxalq qrossmeysterliyi isə, ola bilsin, 15 - 17 yaşlarında alsın".

Qeyd edək ki, Ümid Aslanov ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilmiş beynəlxalq şahmat turnirində bürünc medal qazanıb. Turnirə 15 ölkədən 100-dək şahmatçı qatılıb. 7 oyuna çıxan 12 yaşlı Ü.Aslanov bu qarşılaşmaların 5-də qələbə qazanıb, 1 oyunu heç-heçə başa vurub, 1-də isə məğlub olub.

Son xəbərlər

Orphus sistemi