Yuxarı
    Bağlamaq

    ​Azərbaycanı dünya çempionatında təmsil edəcək qadın güləşçilərin siyahısı açıqlanıb

    Mundialda Azərbaycanı 7 qadın güləşçi təmsil edəcək

    Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatı üçün Azərbaycanın qadın güləşi üzrə milli komandasının heyəti açıqlanıb. "Report"un Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mundialda zərif cinsin 7 nümayəndəsi mübarizə aparacaq.

    Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Nadya Muşka (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək. 

    Daha öncə Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə millilərinin heyəti açıqlanıb. Çempionatın proqramına əsasən, ilk olaraq 66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Sentyabrın 8-də 59, 71, 80 və 130 kq-da yunan-Roma güləşçiləri, sentyabrın 9-da isə, 85 kq-da yunan-Roma, 48, 53 və 69 kq-da qadın güləşçilər yarışacaq. Yarışların dördüncü günündə 55, 58, 63 və 75 kq qadın, 65 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq. 60 kq çəkidə qadın, 61, 86 və 97 kq çəkidə sərbəst güləşçilər sentyabrın 10-da xalça üzərinə çıxacaq. Çempionatın son günündə isə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcəsində pəhləvanlar yarışacaq.

    Görüşləri azərbaycanlı beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev də idarə edəcək.

    Çempionatda 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

    Qeyd edək ki, dünya çempionatı 7 - 12 sentyabrda keçiriləcək. Mundialda çıxış edəcək Azərbaycan güləş yığmaları bu gün ABŞ-a yola düşüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi