Azərbaycanı Bakıdakı Dünya Kubokunda 7 idman gimnastı təmsil edəcək

Azərbaycanı Bakıdakı Dünya Kubokunda 7 idman gimnastı təmsil edəcək Martın 31-də Bakıda start götürəcək kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Fərdi
26 Mart , 2022 15:01
Azərbaycanı Bakıdakı Dünya Kubokunda 7 idman gimnastı təmsil edəcək

Martın 31-də Bakıda start götürəcək kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, dörd gün davam edəcək yarışda 7 idmançı mübarizə aparacaq.

Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa) və Nikita Simonov (halqa) kişilərin, Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) və Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) qadınların yarışına qatılacaq.

Azərbaycanın gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. İlk iki yarış günündə təsnifat, sonrakı iki gün final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Təsnifat yarışlarına 7 manat, final mərhələlərinə isə 12 manat qiymət qoyulan biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə etmək olar.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Qeyd edək ki, Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi