Azərbaycanda görmə məhdudiyyətli futbolçulardan ibarət komanda yaradılır

Azərbaycanda görmə məhdudiyyətli futbolçulardan ibarət komanda yaradılır Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) Türkiyə Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının rəhbər heyəti ilə görüş baş tutub.
Fərdi
111
15 Mart , 2022 14:34
Azərbaycanda görmə məhdudiyyətli futbolçulardan ibarət komanda yaradılır

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) Türkiyə Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının rəhbər heyəti ilə görüş baş tutub.

MPK-dan "Report"a verilən məlumata görə, görüşdə qurumun prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, Türkiyə Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının prezidenti Ayhan Yıldırım, prezidentin köməkçisi Eren Yıldırım və Komitə nümayəndələri iştirak ediblər.

İ.Rəhimov ölkədə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyət barədə, eyni zamanda görmə məhdudiyyətli idmançıların iştirakı ilə cari ilin noyabr ayında keçiriləcək paracüdo idman növü üzrə dünya çempionatına hazırlıq barədə məlumat verib.

Komitə prezidenti görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə işlərin davam etdirildiyini bildirib. O, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında 19 medaldan 12-ni məhz görmə məhdudiyyətli idmançıların qazandığını vurğulayıb. Eyni zamanda qolbol idman növünün inkişafı üçün görülmüş işlər haqqında məlumat verən İ.Rəhimov yaxın gələcəkdə Azərbaycanda görmə məhdudiyyətli şəxslərdən ibarət futbol komandasının da yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Türkiyə Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının prezidenti Ayhan Yıldırım öz növbəsində görüş üçün təşəkkürünü bildirib, Azərbaycanda Paralimpiya hərəkatının inkişafını, əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. O, Bakının paracüdo idman növü üzrə dünya çempionatına ev sahibliyi etməsinin çox sevindirici hal olduğunu da qeyd edib.

Daha sonra 2018-ci ildə tərəflər arasında imzalanmış memorandumun yenilənmə mərasimi baş tutub. 4 il üçün nəzərdə tutulmuş əməkdaşlıq əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, eləcə də görmə məhdudiyyətli idmançıların iştirak etdiyi idman növlərinin inkişaf etdirilməsi sahəsini əhatə edir.

Son xəbərlər

Orphus sistemi