Yuxarı

​İsmayıl İsmayılov: "Azərbaycanda 24 günahsız idmançının dopinq problemi var"

Dopinq məsələləri şəxsi maraqlar üzərində qurulduğundan buna qarşı təmiz mübarizə aparılmır

Bakı. 21 iyun. REPORT.AZ/ “Bu gün dopinq problemi dünyada mövcuddur. Çəkinmədən demək olar ki, Ümumdünya Antidopinq Agentliyi tərəfindən bir çox idmançılara qarşı haqsızlıq var”.

“Report” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması üçün yaradılan İşçi qrupunun toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir sıra dərman preparatı var ki, onlar həqiqətən də idmançıların gələcək həyatına ciddi problem yarada bilər: “Bu gün yeniyetmələr, gənclər idmanın müxtəlif növləri ilə məşğul olanda anaboliklərdən istifadə edərək inkişaf dövründə gələcəkdə müəyyən problemlərlə rastlaşa bilərlər. Hər bir ölkənin tanınmasında idmanın xüsusi rolu var. Bu gün dünya rekordunu müəyyən edən və yüksək nəticələr əldə edən idmançının bir neçə il əvvəlki dopinq problemini məhz bu gün gündəmə gətirirlər”.

Gənclər və İdman Nazirliyinin dopinqə qarşı ciddi mübarizə apardığını xatırladan nazir müavini qeyd edib ki, 2011-ci ildə ağırlıqqaldırma idman növündə 27 ölkə, 2012-ci ildə 25 ölkə, 2013-cü ildə isə 26 ölkə dopinqə düşüb: “Hər ölkə 500 min dollar cərimələnib. Cərimələrdən sonra dopinqlə bağlı heç bir problem meydana çıxmayıb. Bu, necə ola bilər? Problem varsa, axıra kimi mübarizə aparılmalıdır. Necə olur ki, bu gün dopinq deyilən dərman preparatları, baş ağrısı, diş ağrısı və adi həyat tərzində istifadə edilən dərmanlar xəstəxanalarda da istifadə olunur. Eyni zamanda, həmin dərman preparatları bu gün aptekdə insanlara satılır. Əgər belə təhlükəlidirsə, o zaman həmin dərmanlar da satışdan çıxarılsın. Narazılığım odur ki, haqsızlıqlara yol verilməsin”.

Nazir müavini onu da əlavə edib ki, bu gün Azərbaycanda 24 günahsız idmançının dopinq probleminin olduğu deyilir: “Niyə onların illərlə çəkdikləri əziyyətləri puç edirlər? Niyə onlara qarşı haqsızlıq edilir? Çəkilən əziyyətləri bir göz qırpımında sıfra endirilməsi nə dərəcədə düzgündür? Bilirəm ki, bu gün hansısa məşqçini və idmançını danışdırsaq, dediyim fikirləri dəstəkləyəcəklər. Ozonoterapiyanı dopinq qəbulu ilə necə eyniləşdirmək olar? Qanı yoxlayır və hemoqlobin yüksək çıxır, deyir ki, idmançı dopinq qəbul edib. Bunu hansı maraqlarla demək olar? Ozon nə vaxtdan dopinq olub? Adi diş ağrısı dərmanını içəndə deyirlər ki, dopinq qəbul edilib. İnsanları bu qədər əzmək, tapdalamaq olmaz. Yaxud da 10 il bundan qabaq qəbul edilən hansısa dərmanın izləri qalıbsa, bunu yenidən gündəmə gətirməyin nə mənası var? Məşqçi idmançıya "Bu dərmanı iç" deyirsə, idmançı nə edə bilər? Məşqçilər cəzasız qalır, ancaq idmançıya qarşı cəza tətbiq olunur. Axı idmançının günahı nədir? Dopinq məsələləri şəxsi maraqlar üzərində qurulduğundan bu problemlər yaranır. Dopinqə qarşı təmiz mübarizə aparılmır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi