Hazırda Azərbaycanda 12 mindən çox insan güləşlə peşəkar səviyyədə məşğul olur.
Bunu "Report"a müsahibəsində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev deyib.
O, milli idman növünün ölkənin hər güşəsinə yayıldığını bildirib: "Azərbaycanda güləşin kütləviləşməsi baxımından heç bir çətinliklə üzləşmirik. Təbii ki, biz bu sayı daha da artırmağı hədəfləmişik. Bunun üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusən bölgələrdə güləşin daha da inkişafı, maddi-texniki bazanın təkmilləşdirilməsi, məşqçilərin bilik və bacarıqlarının artırılması, infrastrukturun yaxşılaşdırılması bizim üçün strateji önəm kəsb edir. Ölkədaxili yarışların say artımı da kütləviliyə təkan olacaq. Kəmiyyət artdıqca uğurlarımızın sayı da artacaq. Əminəm ki, Azərbaycan güləşi ölkə idmanının bayraqdarı funksiyasını bundan sonra da uğurla həyata keçirəcək".
Federasiya rəsmisi növbəti ilin onlar üçün intensiv keçəcəyini söyləyib: "Xüsusən də 2024-cü ilin ilk 8 ayı haqqında bunu deyə bilərik. Sözsüz ki, əsas məqsəd Paris Yay Olimpiya Oyunlarında maksimum uğurlu çıxış etməkdir. Prioritetlərimiz sırasında Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının yüksək səviyyədə təşkili də yer alıb. Ölkəmizdə dəfələrlə nüfuzlu idman yarışları keçirilib. Qonaqlar hər zaman təşkilatçılıqdan razılıqlarını ifadə ediblər. İnanıram ki, bu xoş ənənə növbəti il də davam edəcək. Bu işdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi də böyük rol oynayacaq. Bu yarışların ölkəmizdə güləşin daha da populyarlaşmasına təkan verəcəyini düşünürəm".
Nəsimi Musayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.