Azərbaycan yığmasına ukraynalı legioner cəlb olunub

Azərbaycan yığmasına ukraynalı legioner cəlb olunub İrina Zaretskaya Avropa Oyunlarında çıxış edə bilər
Fərdi
29 Yanvar , 2015 14:10
Azərbaycan yığmasına ukraynalı legioner cəlb olunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Karate üzrə Azərbaycan milli komandasına ukraynalı legioner cəlb olunub. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun "Report"a verdiyi məlumata görə, bu İrina Zaretskayadır.

19 yaşlı karateçi yığmada 67 kq-dan yuxarı çəki dərəcəsindəki boşluğu doldurmaq üçün dəvət edilib. Federasiya prezidenti bildirib ki, hazırda sənədləşmə işləri aparılır: "Çatdıra bilsək və Ümumdünya Karate Federasiyası icazə versə, Avropa Oyunlarında ən ağır çəkidə Zaretskayanın xidmətindən yararlanmağı düşünürük. İrina Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərini təmsil edən klubun üzvüdür. Yığma səviyyəsində isə Azərbaycanı təmsil etmək istəyir. Artıq bir ildir danışıqlar aparırıq". 

Y.Bəşirovun fikrincə, İ.Zaretskaya perspektivli və güclüdür: "O, yeniyetmələr arasında 3 qat Avropa çempionu, böyüklər arasında Avropa və dünya çempionatlarının bürünc mükafatçısı olub. Gələcəkdə yerli karateçilərə da dəstək olacaq. İndi bizdə qızlar get-gedə artırır. İrina komanda kumite döyüşlərində də çıxış edə və yığmamız martda keçiriləcək Avropa çempionatında mükafatçılar sırasına düşə bilər. Yəni İrina bizim üçün hər cəhətdən faydalı idmançıdır. Ümumiyyətlə, Ukraynanın qadın karateçiləri güclüdürlər. Onların qadın karate məktəbi güclüdür. Avropa çempionatında kişi karateçilərimizdən 3 medal gözləyirik. Zaretskaya da qadınların mübarizəsində medal qazansa, ümumi nəticəmiz lap yaxşı sayılacaq". 

Qeyd edək ki, Odessada doğulan İrina Zaretskaya 2012 - 2014-cü illərdə 21 yaşadək karateçilər arasında Avropa çempionu olub. O, eyni zamanda ötən il böyüklər arasında dünya və Avropa çempionatlarında bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi