Yuxarı

Azərbaycan yığması yeni Avropa çempionatına qatılacaq

Dünya Kuboku iştirakçılarının sayı azaldılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda müzakirə edilən cari məsələlərlə yanaşı, bir sıra yeni qərarlar da qəbul edilib.

UWW gələn ildən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının keçirilməsinə razılıq verib. Yarış 2015-ci ilin təqvim planına daxil edilib. İlk çempionat gələn il 24-29 mart aralığında Polşanın paytaxtı Varşavada təşkil olunacaq. UWW-nin prezidenti Nenad Laloviç bildirib ki, Avropa qitəsində mövcud olan rəqabət imkanı gənclər yaş kateqoriyasına aid olmayan güləşçilərə kömək etməyimizi tələb edir. Bu çempionat gənc güləşçilərə böyüklər yaş kateqoriyasında iştiraka daha yaxşı hazırlaşmalarına imkan verəcək. 

İcraiyyə Komitəsinin iclasında qəbul edilmiş digər qərara əsasən, gələcək Dünya Kuboku yarışlarında əvvəlki kimi 10 deyil, 8 komandanın iştirakı razılaşdırılıb. Bu zərurət 2013-cü ildə çəki dərəcələrində edilmiş dəyişikliklərdən irəli gəlib və Dünya Kuboku yarışlarının əhəmiyyətini qoruyub saxlamağa xidmət edəcək. Püşkatma mərasimi 14 yanvar 2015-ci ildə İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin Muzeyində baş tutacaq. Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında hər bir güləş növü üzrə ilk 8 yeri tutmuş komandalar Dünya Kuboku uğrunda mübarizə aparacaqlar. Azərbaycanın həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yığmaları bu hüquqa yiyələniblər. Çünki onlar dünya çempionatını komanda hesabında müvafiq olaraq, 3-cü, 4-cü və 8-ci pillələrdə başa vurublar.

Yunan-Roma güləşi üzrə Dünya Kuboku 19-20 fevralda İranın paytaxtı Tehran şəhərində, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiyanın Sankt-Peterburq şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku isə 11-12 apreldə ABŞ-ın Los Anceles şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi