Yuxarı

Azərbaycan yığma komandası Moskvadakı təlim-məşq toplanışını özbaşına tərk edib

Kişilərlə qadınların birgə hazırlıq prosesi zamanı insident baş verib

Bakı. 9 fevral. REPORT.AZ/ Qadın ağırlıqqaldıranlardan ibarət Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada keçirdiyi təlim-məşq toplanışını vaxtından əvvəl tərk edərək Bakıya qayıdıb. "Report"un məlumatına görə, buna kişilərdən ibarət yığma ilə birgə toplanış zamanı insidentin baş verməsi səbəb olub. 

Lakin insidentin nədən ibarət olduğu açıqlanmır. Qadın millisinin tərkibində 3 atlet - Anastasiya İbrahimli, Səbinə Əzimova və Mərziyyə Məhərrəmova yer alıb. Komandanın baş məşqçisi Hafiz Süleymanov "Report"a açıqlamasında toplanışı vaxtından əvvəl tərk etdiklərini təsdiqləyib. Lakin o, heç bir səbəb açıqlamayıb: "Səbəbini federasiya rəhbərliyinə demişəm. Qoy, mətbuata da onlar açıqlama versinlər". 

Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Yavər Hacıyev isə "Report"a açıqlamasında H.Süleymanovun belə bir qərarı özbaşına qəbul etdiyini bildirib: "Baş məşqçi rəhbərliyə - nə mənə, nə də vitse-prezidentimiz Elxan Əliyevə heç nə demədən, özbaşına komandanı Bakıya qaytarıb. Bu məsələni federasiyamızın iclasında müzakirə edərək tədbir görəcəyik". 

Qeyd edək ki, kişilərdən ibarət milli komanda Moskvada Nizami Paşayev və Xanlar Nəbiyevin rəhbərliyi altında hazırlıq keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi