Bakı. 14 yanvar. REPORT.AZ/ İsveçrənin Lozanna şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə Azərbaycan yığmalarının hər üç növdə rəqibləri müəyyənləşib.
Yunan-Roma güləşində rəqiblər İran, İsveç və Almaniya olub. Onlar A qrupuna düşüblər. B qrupunda isə Rusiya, Macarıstan, Ermənistan və Türkiyə yer alıb. Yarış 19-20 fevralda İranın paytaxtı Tehranda təşkil olunacaq.
Qadın güləşində Azərbaycan millisinin bəxtinə Yaponiya, Polşa və ABŞ düşüb. B qrupunda isə Rusiya, Ukrayna, Monqolustan və İsveç mübarizə aparacaq. Yarış 7-8 martda Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq.
Nəhayət, Azərbaycanın sərbəst güləş yığması B qrupunda İran, Belarus və Türkiyəyə rəqib olub. A qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan milliləri mübarizə aparacaq. Yarış 11-12 apreldə ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq.