Azərbaycan və İsrail gimnastları arasında qarşılaşma keçirildi

Azərbaycan və İsrail gimnastları arasında qarşılaşma keçirildi Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının onlayn yarışması keçirilib.
Fərdi
111
19 İyun , 2020 16:29
Azərbaycan və İsrail gimnastları arasında qarşılaşma keçirildi

Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının onlayn yarışması keçirilib.

"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Battle” adlanan yarışa hər iki ölkənin Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan komandaları qatılıb. 

Yarışmadan öncə hər iki komanda bir-birinə təqdim olunub. Azərbaycanın “Paxlava”, İsrailin isə “Bamba” komandasının üzvləri bir-birilərinə uğurlar arzulayıb. Daha sonra yarışmanın qaydaları haqqında məlumat verilib. 

Yarış 3 hissədən ibarət olub və təxminən 3 saat davam edib. Estafet oyunları ilə başlayan turnirdə gimnastlar müəyyən vaxt ərzində oyunu tamamlamalı olublar. Bundan başqa, onlar həm də alətlərlə verilən müxtəlif tapşırıqları yerinə yetiriblər. İcra edilən tapşırıqlara görə komandalar hakimlər tərəfindən qiymətləndirilib.

Sonda isə hər iki komanda üzvləri bədii gimnastikaya aid sualları cavablandırıblar.

Yarışda hesab qeydə alınsa da, hər iki komanda qalib elan olunub. Elə yarışın da məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı dövrdə gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı zaman keçirərək əylənməkdən ibarət olub.

“Paxlava” komandası bildirib ki, İsrail komandası ilə ilk canlı görüşdə onlara paxlava təqdim olunacaq. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva isə dostluq və əməkdaşlıq üçün İsrail yığmasına təşəkkürünü bildirib və hər kəsə sağlamlıq arzu edərək, tezliklə yenidən yarışlarda görüşəcəklərindən ümidvar olduğunu qeyd edib.

İsrail komandasının məşqçisi Raxel Faiqa da belə yarışın təşkili və iştirak üçün Azərbaycan yığmasına təşəkkürünü çatdırıb və komandaya uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi