Azərbaycan üzgüçüləri maliyyə probleminə görə Avropa çempionatına gedə bilməyib

Azərbaycan üzgüçüləri maliyyə probleminə görə Avropa çempionatına gedə bilməyib Azərbaycan üzgüçülərinin Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında iştirak edə bilməməsinin səbəbi bəlli olub
Fərdi
3 Noyabr , 2021 18:39
Azərbaycan üzgüçüləri maliyyə probleminə görə Avropa çempionatına gedə bilməyib

Azərbaycan üzgüçülərinin Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında iştirak edə bilməmələrinin səbəbi bəlli olub.

Milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun "Report"a verdiyi məlumata görə, nüfuzlu yarışdan kənarda qalmaları maliyyə problemi ilə əlaqədardır.

Əvəzində o, öz hesablarına Türkiyənin İstanbul şəhərində 30-31 oktyabrda təşkil olunmuş açıq turnirə qatıldıqlarını vurğulayıb: "Orada Azərbaycanı 4 idmançı - Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Fatimə Alkərəmova və Rəşad Alquliyev təmsil etdi. Şeyxəlizadəxangah 2 qızıl və 2 bürünc, Alquliyev 2 bürünc, Vəlizadə isə 1 bürünc medal qazandı. Ümumilikdə, 2 qızıl, 5 bürünc medala yiyələndik. Alkərəmova isə finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilmədi".

Əbdürəhmanovun sözlərinə görə, hazırda yığma 13 - 22 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək dünya çempionatına və 26 - 28 noyabrda Bakı Su İdmanı Sarayında təşkil olunacaq ölkə çempionatına hazırlaşır: "Gənclər və İdman Nazirliyi söz verib ki, bizi dünya çempionatına göndərəcək. Avropa çempionatına yollana bilməməyimizə gəldikdə, nazirliyə heç bir etirazım yoxdur. Açığı, bunu öz federasiyamızdan gözləyirdik, amma imkanları olmadığı üçün alınmadı".

Daha əvvəl məlum olub ki, Avropa Üzgüçülük Liqası (LEN) bütün 52 üzv milli federasiyaya, o cümlədən, Azərbaycan Üzgüçülük Federasiyasına ümumilikdə 1,2 milyon avro maliyyə yardımı ayırıb. Vəsaitin böyük hissəsi pandemiya ilə əlaqədar maliyyə çətinliklərinə qarşı mübarizəyə, qalan kiçik hissə noyabrın 2-də Kazanda start götürmüş Avropa çempionatı iştirakçılarının ezamiyyə xərclərinə sərf edilib.

Lakin Əbdürəhmanov bu məsələdən xəbərsiz olduğunu diqqətə çatdırıb. Baş məşqçinin sözlərinə görə, bu sual federasiya rəhbərliyinə ünvanlanmalıdır.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 7-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi