Bakı. 30 noyabr. REPORT.AZ/ "Formula-1" üzrə dünya çempionatı başa çatdıqdan dərhal sonra "Red Bull" komandasının pilotu Daniel Rikkardo Bakıya gəlib.
Bakı Şəhər Halqasından (BŞH) "Report"a verilən məlumata görə, çempionatın 5-ci ən güclü pilotu Azərbaycan Qran-prisində qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.
O, səfərin ilk günündə qələbə qazandığı trekdə gəzintiyə çıxıb. Rikkardo trekin ən maraqlı yerlərinə, o cümlədən, "Formula-1" tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz hissəyə - İçərişəhər divarlarının yanından keçən 8 - 11-ci döngələrə baş çəkib. Həmçinin, "Red Bull" pilotu Bakının tarixi Qız Qalasının yaxınlığındakı 18-ci döngədə və trekin gözəl mənəzərəyə sahib Dənizkənarı Bulvara paralel uzanan “iki istiqamətli” hissəsində olub.
Trek gəzintisindən başqa Rikkardo futbol üzrə Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası "Qarabağ" klubunun bazasında olub. O, İtaliya "Roma"sı ilə son oyuna hazırlaşan komanda üzvləri ilə görüşüb, komandanın məşq meydanına çıxaraq, futbol bacarığını nümayiş etdirib.
"Red Bull" pilotu səfər çərçivəsində Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə silsilə görüşlər keçirəcək.
Qeyd edək ki, növbəti Azərbaycan Qran-prisi 27 - 29 aprel 2018-ci ildə keçiriləcək.