Azərbaycanın aparıcı sərbəst güləşçiləri "Qızıl Qran Pri"nin final mərhələsində çıxış etməyəcək

Azərbaycanın aparıcı sərbəst güləşçiləri "Qızıl Qran Pri"nin final mərhələsində çıxış etməyəcək Bəzi çəkilərdə 4-5 idmançı mübarizə aparacaq
Fərdi
17 Noyabr , 2016 13:37
Azərbaycanın aparıcı sərbəst güləşçiləri Qızıl Qran Prinin final mərhələsində çıxış etməyəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlaşan sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri bu gün Olimpiya Güləş Mərkəzində bir araya gəlib. 

"Report"un məlumatına görə, mətbuat üçün açıq məşq baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında keçib.

Məşq zamanı yığmada gənc güləşçilərin üstünlük təşkil etməsi diqqət çəkib. F.Umudov jurnalistlərə açıqlamasında onların bir çoxunun "Qızıl Qran Pri"də mübarizə aparacağını bildirib. Onun sözlərinə görə, hər çəkidə 3, bəzi çəkilərdə isə 4-5 idmançı çıxış edəcək: "Dünya Güləş Birliyinin qaydalarına əsasən, "Qızıl Qran Pri"də hər çəkidə 3 idmançının iştirakı nəzərdə tutulur. Biz də artıq öz seçimimizi etmişik. Seçdiyimiz idmançılar yığma komandanın tərkibində çıxış edəcəklər. Amma bəzi çəkilərdə 4-5 idmançının iştirakı nəzərdə tutulub. Həmin idmançıları da yoxlamışıq. Adlarını ehtiyat heyətdə qeyd edəcəyik. Sözsüz ki, federasiya rəhbərliyi ilə bu barədə razılaşma olacaq. Artıq dünən ümumi heyət onlara göndərilib. Qaydalar bizdən asılı olsa, 6-7 idmançı ilə çıxış edərik. Bəzi çəkilər var ki, orada rəqabət çox güclüdür. 57 kq-da 5 idmançının güləşməsi nəzərdə tutulur. Mahir Əmiraslanov, Əfqan Xaçalov, Mircəlal Həsənzadə və s. kimi güləşçilərimiz var. İlkin məqsədimiz odur ki, ən çox gənclərə üstünlük verək". 

Bu, Azərbaycan güləşçilərinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra ilk ciddi sınağı sayılır. Baş məşqçi əvəzi hədəflərinin 2020-ci il Tokio olimpiadasında daha yaxşı çıxış etməkdən ibarət olduğunu vurğulayıb: "Bunun təməlini indidən qoyuruq. Hər olimpiada ərəfəsində xalqımız yeni nəfəs görmək istəyir. Biz də çalışacağıq ki, bunu edək. Yığma komandaların məşqçilər korpusu ilə söhbətlər aparmışam. Nəticə qazanan uşaqlar yığmanın tərkibində yer alıblar. Ən başlıca məqsədimiz odur ki, bayrağımızı dünyanın bir çox ölkəsində dalğalandıraq. Güləşçilərlə söhbətimizdə demişəm ki, ən birinci vətənimizi, bayrağımızı sevməliyik. Belə olanda qələbə daha yaxın olacaq".

Noyabrın 24-də start götürəcək "Qızıl Qran Pri"nin final mərhələsinə Şərif Şərifov, Toğrul Əsgərov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov kimi aparıcı sərbəst güləşçilər qatılmayacaqlar. Baş məşqçi əvəzi hər olimpiadadan sonra yığma komandalarda eniş olduğunu və bunun Azərbaycan güləşçilərindən də yan keçmədiyini bildirib: "Şərifov, Əsgərov, Əliyev və Məhəmmədovun Qran Pridə olmaması bizim üçün böyük sınaqdır. Gənclərlə də bu barədə söhbət etmişəm. Onlara gələcəkdə yığmada öz yerini möhkəmləndirmək üçün şans verilir. Artıq 2017-ci ilin hazırlıq planını federasiyaya təqdim etmişəm, yarışlarımız çoxdur. Toğrulun olimpiadadan sonra zədəsi vardı və onu bərpa edir. Hazırda fizioterapiyadadır, həkim nəzarəti altında hazırlaşır. Olimpiya, dünya çempionlarına yığma komandanın qapısı açıqdır. Ancaq ilk növbədə, nizam-intizam olmalıdır. Hər kəs buna əməl etməlidir. Çempion olmusan, bu, oldu-keçdi. Artıq gələcəyi fikirləşmək lazımdır. Nəticə qazanmaq üçün mütləq intizam lazımdır".

F.Umudov karyerasını başa vuran Xetaq Qazyumovun (97 kq) yerini kimin dolduracağı ilə bağlı da fikirlərini açıqlayıb: "Ağır çəkidə gələcək illərdə kimin çıxış edəcəyini görəcəksiniz. Yeniyetmələr, gənclər arasında ölkə daxilində, Avropa birinciliyində nəticə qazanmış uşaqlar var. Gələcək illərdə məşqçilər korpusu ilə birgə bölgələrdə master-klasslar, seminarlar keçirmək fikrimiz var. Azərbaycan idman ölkəsidir, Biz də çalışacağıq ki, bölgələrimizdə yeni idmançılar yetişsin".

Qeyd edək ki, "Qızıl Qran Pri"nin final mərhələsi sayca 9-cu dəfə baş tutacaq. Turnirə 50-dən artıq ölkənin 700-ə yaxın sərbəst, yunan-Roma və qadın güləşçisinin qatılacağı gözlənilir. Proqrama əsasən, turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq. Yarışlar Bakı İdman Sarayında olacaq.

Son xəbərlər

Orphus sistemi