Azərbaycan millisinin baş məşqçisi narazı cüdoçuların ittihamlarına cavab verib

Azərbaycan millisinin baş məşqçisi narazı cüdoçuların ittihamlarına cavab verib "Hazırlıqlarımız davam edir. Məşqlərdə yükü çoxaltmışdıq. Yarışa az qalmış yavaş-yavaş azaldırıq. Hazırlıqlarımız normaldır. Bu yarışda bəzi gəncləri əsas heyətlə birlikdə yoxlayacağıq. Yaxşı nəticələr qazanacağımıza ümid edirəm".
Fərdi
28 Oktyabr , 2021 15:16
Azərbaycan millisinin baş məşqçisi narazı cüdoçuların ittihamlarına cavab verib

"Hazırlıqlarımız davam edir. Məşqlərdə yükü çoxaltmışdıq. Yarışa az qalmış yavaş-yavaş azaldırıq. Hazırlıqlarımız normaldır. Bu yarışda bəzi gəncləri əsas heyətlə birlikdə yoxlayacağıq. Yaxşı nəticələr qazanacağımıza ümid edirəm".

Bu fikirləri "Report"a açıqlamasında cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Mövlud Mirəliyev 5 - 7 noyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə barədə danışarkən deyib.

Mütəxəssis yarış üçün heyətin tam formalaşmadığını və müəyyən əlavələrin olacağını bildirib: "Bəzi cüdoçuların İJF (Beynəlxalq Cüdo Federasiyası - red.) kartı yoxdur. Heyətə gənc cüdoçulardan 3-4-ü əlavə olunacaq".

Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Böyük Dəbilqədə bir çox idmançıdan medal gözlədiyini, lakin ad çəkmək istəmədiyini vurğulayıb.

Baş məşqçi bəzi idmançıların heyətə salınmamasının səbəbinə də aydınlıq gətirib: "Zelim Kotsoyev (100 kq) atasının səhhəti ilə bağlı gəlməyib. Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) isə hərbi xidmətə başladıqları üçün yarışdan kənarda qalacaq".

Mirəliyev narazı tərzdə açıqlamalar verən Davud Məmmədsoy (60 kq) və Elmar Qasımovun (100 kq) məşqlərə qatılmadıqlarını söyləyib: "Biz Məmmədsoyu hazırlıqlara çağırmışdıq. O isə bir aydan çoxdur məşqlərdə iştirak etmir. Ona görə də adını Böyük Dəbilqəyə sifariş etməmişik. Qasımov da hazırlıq proseslərindən kənarda qalıb. Biz onunla söhbət etdik. Söz verdi ki, məşqə gələcəyəm. Biz də onunla işləməyə başladıq. Birinci gündən sonra 3 gün hazırlığa gəlmədi. Sonra yenidən gəldi və ardınca bir müddət də məşqləri buraxdı. Gördük ki, onun güləşmək fikri yoxdur. Güləşmək istəyən gələr və zalda olar. Bu isə 1 gün gəlir, 5 gün gəlmir. Həm özünü aldadır, həm də bizi. Belə deyək, məsələlərə qeyri-ciddi yanaşır. Onun mətbuata açıqlamasını da görmüşük. Hamısı əsassızıdır. Heç nəyi düzgün əsaslandırmayıb. Uşaqdır, bilmir ki, nə danışır. Biz ona sərbəstlik vermişdik. Heç onu yükləmədik, ağır məşqlər vermədik. Lakin ciddi olmadığını gördük. Görünən odur ki, məşq etmək fikri yoxdur".

Baş məşqçi milli komandanın qapılarının Məmmədsoy və Qasımovun üzünə hər zaman açıq olduğunu sözlərinə əlavə edib: "Onlara demişik ki, gəlin, məşq edin və bərpa olun, sizi yarışlara yazaq".

Mirəliyev Hidayət Heydərovun yenidən Rüstəm Orucovla birlikdə 73 kq-da mübarizə aparmasına toxunub: "Hər ikisinin bu çəkidə olması yaxşıdır. Rəqabət olan yerdə nəticə də olacaq. Onlardan hansısa arxayınlaşmır, görür ki, arxasınca gələn var. 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Orucov gümüş medal qazansa da, Tokioda medalsız qaldı. Rəqabətsizlik şəraitində idmançıda istər-istəməz arxayınlaşma olur. Sağlam rəqabət həmişə yaxşı nəticə verir. Növbəti olimpiadaya hələ zamanımız var. Kim yaxşı olacaqsa, o da vəsiqə qazanacaq".

Qeyd edək ki, Böyük Dəbilqə 5 - 7 noyabrda Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi