Azərbaycan millisindən ayrılan baş məşqçi: "Artıq yorulmuşam"

Azərbaycan millisindən ayrılan baş məşqçi: "Artıq yorulmuşam" "Qızlar aşağı yaşda olanda yetişir, güləşə çatan vaxtı biri ərə gedir, digərlərinin isə atası, anası və qardaşı qoymur. Yekunda bizim zəhmətimiz heç olur"
Fərdi
285
26 Oktyabr , 2021 17:55
Azərbaycan millisindən ayrılan baş məşqçi: Artıq yorulmuşam
Aslan Ağayev

"Özüm daha əvvəl rəhbərliyə bildirmişdim ki, olimpiada bitəndən sonra komandadan gedəcəyəm. Artıq yorulmuşam. Uşaqlar böyüyüb və nəvəm var. İlboyu yarışlarda, təlim-məşq toplanışlarında iştirak etməlisən. Qadın güləşində elədir ki, sparrinq olmadığı üçün xarici ölkələrə gedirsən. İşdən yox, gedib-gəlməkdən yorulmuşam".

Bu fikirləri "Report"a açıqlamasında Aslan Ağayev Azərbaycanın qadın güləşi üzrə milli komandasının baş məşqçi vəzifəsindən ayrılması barədə danışarkən deyib.

Astara Olimpiya İdman Kompleksinin direktoru təyin olunan təcrübəli mütəxəssis Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə son görüşündə də yorulduğunu söyləyib: "Zalda məni yola salanda da o sözü dedim. İşdən yorulmamışam. Sadəcə, gediş-gəliş məni yorub. Amma yenə də idman ictimaiyyətindəyəm. Olimpiya kompleksində direktor kimi çalışacağam, həm də orada cavan güləşçilərlə məşq keçəcəyəm. Əlimizdən gələn köməkliyi edəcəyik".

Ağayev federasiyadan ona qarşı hansısa təzyiqin olmadığını bildirib: "Əksinə, gedişimə kədərləndilər, buraxmaq istəmirdilər. Qalmağımı istədilər, mən də dedim ki, artıq qərar vermişəm, gedəcəyəm. Heç kim təzyiq göstərməyib. Bu, mümkün də deyil. Çünki biz işimizlə və əməlimizlə hər şeyi göstərmişik. Nəticələrimiz də göz önündədir".

Sabiq baş məşqçi əvvəlcədən Norveçin paytaxtı Oslodakı dünya çempionatından sonra postundan ayrılmağı planlaşdırdığını vurğulayıb. O, mundialda medalsız qalmalarının səbəbini də açıqlayıb: "Özüm həmin vaxta kimi getmədim ki, komanda yarışda baş məşqçisiz qalmasın. Əvvəlcədən rəhbərliyə bildirmişdim ki, yığmadan gedəcəyəm. Dünya çempionatı olimpiadadan sonra baş tutdu. Biz bütün gücümüzü Yay Olimpiya Oyunlarına qoymuşduq. Elis Manolova (68 kq) və Mariya Stadnik (55 kq) lisenziya qazanmışdı. Stadnik bürünc medal əldə etdi. Bir il ərzində daha çox bu iki idmançının üzərində işlədik. Bizim əsas hədəfimiz əlbəttə, olimpiada idi. Tokiodan medallarla qayıtmağı hədəfləmişdik. Dünya çempionatında isə 3 qadın güləşçi var idi. Bunlar Türkan Nəsirli (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) idi".

Mütəxəssis qadınları güləşə cəlb etməyin Azərbaycanda problem olduğunu gizlətməyib: "Elə bil mentalitetimizə uyğun gəlmir. Qızlar aşağı yaşda olanda yetişir, güləşə çatan vaxtı biri ərə gedir, digərlərinin isə atası, anası və qardaşı qoymur. Yekunda bizim zəhmətimiz heç olur. Dünya çempionatından əvvəl Nəsirli və Kolesnik xəstələndilər. Biz Türkiyədə hava limanında 10 saata yaxın gözlədik. Bu səbəbdən də nəticələri belə oldu. Manolova isə həmişə 68 kq-da güləşib, mundialda isə 65 kq-da güləşdi. Qızıl medal qazanmaq üçün bu addımı atmışdı, amma qismət olmadı. Birinci dəfədir ki, məndə belə hal yaşandı. Biz hara getsək də, medalla qayıtmışıq. İdmanda belə şeylər olur. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq".

Ağayev köməkçisi Rövşən Umudovun onu əvəzləməyə layiq olduğunu diqqətə çatdırıb: "Buna mən qərar vermirəm. Umudov neçə illərdir ki, mənimlə işləyib və qadınların psixologiyasını yaxşı bilir. Məndən sonra o təyin edilsə, yaxşı olar. Yetərincə də təcrübəli məşqçidir. Özü də yaxşı idmançı olub".

O, son olaraq Azərbaycanın əfsanəvi qadın güləşçisi Mariya Stadnik haqqında danışıb: "Stadnik karyerasına davam edə bilər. Qadınlarda bu yaşda idmançılar görmüşük. Bu, əsasən onun fiziki durumundan asılı olacaq. Fiziki durum yerində olsa, problem yaşanmasa, niyə də güləşməyə davam etməsin. 2024-cü il Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanacağını deyə bilmərəm. Amma 100 faiz medal əldə edəcək. Ölkəmiz üçün 5-ci olimpiya medalını əldə etmək gücündədir. Ona inanıram. Tokioda uduzduğu görüşdə uğursuzluq oldu. Rəqibə çox hücum etdi, amma xəbərdarlığı bizim idmançıya verdilər. Mən isə ona dedim ki, sən davam et, o da xəbərdarlıq alacaq. Daha sonra isə səhvlər oldu və rəqib xallar qazandı".

Son xəbərlər

Orphus sistemi