Azərbaycan millisinin baş məşqçisi: "I Avropa Oyunlarında bayrağımızı yüksəklərə qaldıracağımıza and içmişik"

Azərbaycan millisinin baş məşqçisi: "I Avropa Oyunlarında bayrağımızı yüksəklərə qaldıracağımıza and içmişik" Cəmşid Xeyrabadi: "Azərbaycanın fəxri olacağıq"
Fərdi
30 May , 2015 15:34
Azərbaycan millisinin baş məşqçisi: I Avropa Oyunlarında bayrağımızı yüksəklərə qaldıracağımıza and içmişik

Bakı. 30 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları öncəsi yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının açıq məşqi keçirilib. "Report"un məlumatına görə, baş məşqçi Cəmşid Xeyrabadi Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, qarşıdakı yarışlara böyük məsuliyyətlə hazırlaşdıqlarını bildirib.

"Bütün komanda heyəti - həm güləşçilər, həm də məşqçilər and içmişik ki, I Avropa Oyunlarında Azərbaycanın fəxri olacaq və möhtəşəm Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Heç bir güləşçimiz dincəlməyəcək və var gücü ilə son nəfəslərinə qədər mübarizə aparacaq" deyə iranlı mütəxəssis bildirib.

Daha öncə bir çox ölkədə işlədiyini xatırladan C.Xeyrabadinin fikrincə, dünyada Azərbaycan Güləş Federasiyası kimi işini tam görən federasiyalar azdır. O, komandanın hazırkı durumunu da dəyərləndirib: "Ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda I Avropa Oyunlarında uğurlu çıxış etmək tapşırığı durur. Bu tədbirin Azərbaycan üçün nə dərəcədə önəmli və əhəmiyyətli olduğunu bilirik. Peşəkar məşqçi olaraq bütün idmançılarımızın medal qazanacağına ümüd edirəm. Bu, rekordsuz idman növüdür və buna görə də neçə medal qazanacağımızı demək olmur. Azərbaycan güləşi elə bir həddə çatıb ki, hər çəkidə yüksək səviyyədə güləşçilərimiz var".

Baş məşqçi "Bakı 2015"də Azərbaycan güləşçilərinə əsas rəqiblər qismində Gürcüstan, Türkiyə, Rusiya və Macarıstanı göstərib. C.Xeyrabadi bu ölkələrin çox yaxşı güləşçilərinin olduğunu söyləsə də, öz komandasını hamıdan yaxşı sayıb: "Komanda daxilində idmançılarımızın özü arasında da rəqabət çox yüksəkdir. Düzdür, əksər çəkilərdə Avropa Oyunlarında kimin iştirak edəcəyini məşqçilər korpusu bilir. Amma yekun qərar hələ verilməyib. İstənilən halda, əmin ola bilərsiniz ki, yarışlarda döşək üzərinə çıxacaq hər bir idmançımız yalnız qızıl medal uğrunda mübarizə aparacaq".

Qeyd edək ki, "Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13 - 18 iyunda keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi