Yuxarı

Azərbaycan kikboksçuları dünya çempionatında 1 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıb

6 ildən sonra ölkəyə qızıl medalı Elşad Ələsgərov gətirir

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan kikboksçuları Serbiyanın paytaxtı Belqraddakı WAKO (Ümumdünya Həvəskar Kikboksinq Təşkilatı) versiyası üzrə dünya çempionatını 1 qızıl, 3 gümüş, 3 bürünc medalla başa vurub. "Report"un məlumatına görə, Azərbaycana 6 ildən sonra dünya çempionluğunu K-1 üslubunda döyüşən Elşad Ələsgərov qazandırıb.

54 kq çəki dərəcəsində yer alan E.Ələsgərov finalda türkiyəli Söner Şeni məğlub edib. Daha 3 finalçı isə gümüş medala sahib olub. K-1 üslubunda döyüşən Anar Məmmədov (51 kq) həlledici qarşılaşmada ukraynalı Aleksey Serdyuka, lou-kik üslubunda mübarizə aparan Ramal Aslanov (71 kq) rusiyalı Şamil Həsənbəyova, kik-layk üslubunda çıxış edən Ehram Məcidov (+94 kq) polşalı Mixal Blavceviçə yenilib. Bürünc medalları isə lou-kik üslubunda döyüşən Çingiz Əhmədzadə (51 kq), Ramiz Məmmədov (54 kq) və Zöhrab Qədimov (60 kq) əldə edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan kikboksçuları WAKO versiyası üzrə dünya çempionluğunu 2009-cu ildə əldə ediblər. Həmin vaxt Ehram Məcidov, Eduard Məmmədov və Pərviz Abdullayev qızıl medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi