Azərbaycan kayakçısı Rio-de-Janeyro olimpiadasına lisenziya qazanıb

Azərbaycan kayakçısı Rio-de-Janeyro olimpiadasına lisenziya qazanıb Bu, Azərbaycanın avarçəkmə növlərində növbəti olimpiadaya qazandığı ilk lisenziya olub
Fərdi
22 Avqust , 2015 14:47
Azərbaycan kayakçısı Rio-de-Janeyro olimpiadasına lisenziya qazanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan kayakçısı İnna Osipenko-Rodomska 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, 33 yaşlı idmançı bu uğura İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında imza atıb.

Qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska seçmə mərhələdə Ana Paula Verquts (Braziliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Liza Karrinqton (Yeni Zelandiya), Mişel Lui Russell (Kanada), Sofia Kampana (İtaliya), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) ilə yarışıb. Finişə 1 dəqiqə 54,609 saniyəyə çatan təcrübəli kayakçı yalnız yeni zelandiyalı Liza Karrinqtondan 0,318 saniyə geri qalaraq, 2-ci yeri tutub. Bu nəticə ilə Osipenko-Rodomska "ilk 6-lığ"a düşdüyü üçün yarımfinala yüksəlib. Növbəti mərhələdə onun rəqibləri Liza Karrinqton (Yeni Zelandiya), Mişel Luiza Russell (Kanada), Ana Paula Verquts (Braziliya), Sofia Kampana (İtaliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) olub. Osipenko-Rodomska finişə 1 dəqiqə 49,547 saniyəyə 2-ci çatıb və yenə Liza Karrinqtondan 0,318 saniyə geri qalıb. O, ilk "3-lüy"ə düşdüyündən finala yüksəlib. Nəhayət, bu gün keçirilən həlledici yürüşdə Azərbaycan təmsilçisi finişə 1 dəqiqə 51,748 saniyəyə çataraq, 5-ci yeri tutub. Yeni zelandiyalı Liza Karrinqton 1 dəqiqə 49,398 saniyə nəticə ilə dünya çempionu olub. Macarıstanlı Anna Karaş 1 dəqiqə 51,125 saniyə göstərici ilə gümüş, finişə 1 dəqiqə 51,478 saniyəyə çatan çinli Yu Ju isə bürünc medal qazanıb. Polşalı Evelina Voynaroska (1:51.622) 4-cü, sloveniyalı Spela Ponomarenko Yaniç (1:52.245) 6-cı, belaruslu Volqa Xucenko (1:52.328) 7-ci, böyük britaniyalı Raçel Kautorn (1:52.628) 8-ci, portuqaliyalı Tereza Portela (1:55.118) 9-cu yeri tutub.

Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk "7-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən onların arasında İnna Osipenko-Rodomska da yer alıb.

Qeyd edək ki, bu, Azərbaycanın avarçəkmə növlərində növbəti olimpiadaya qazandığı ilk lisenziya olub.

Son xəbərlər

Orphus sistemi