Federasiya prezidenti: "Rafael Ağayev rekorda imza atdı" - YENİLƏNİB

Federasiya prezidenti: "Rafael Ağayev rekorda imza atdı" - YENİLƏNİB Nazir müavini İsmayıl İsmayılov 1 qızıl, 1 gümüş və 1 bürünc medalı yüksək nəticə adlandırıb
Fərdi
1 Noyabr , 2016 15:40
Federasiya prezidenti: Rafael Ağayev rekorda imza atdı - YENİLƏNİB

Bakı. 1 noyabr. REPORT.AZ/ "Karateçimizin 5 qat dünya çempionluğu bizim üçün böyük fəxrdir. İndiyədək 4 dəfədən çox heç kim bu nailiyyətə imza atmamışdı. Rafael Ağayev isə rekorda imza atdı".

"Report"un məlumatına görə, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avstriyanın Lints şəhərindəki dünya çempionatında Azərbaycan milli komandasının çıxışına həsr olunmuş mətbuat konfransında deyib.

Y.Bəşirov qazandıqları nailiyyətlərin ildən-ilə yüksəldiyini bildirərək, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında da uğurla çıxış etməyə çalışacaqlarını vurğulayıb: "Hazırda Ümumdünya Karate Federasiyasının 192 üzvü var. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək üzv ölkələrin sayı 200-ə çatacaq. Bu səbəbdən, böyük rəqabət olacaq. Çalışacağıq ki, dünyada reytinqimizi qaldıraq".

*** 15:29

Bakı. 1 noyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində Azərbaycan karateçilərinin Avstriyanın Lints şəhərindəki dünya çempionatında çıxışına həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən nazir müavini İsmayıl İsmayılov 1 qızıl, 1 gümüş və 1 bürünc medalı yüksək nəticə adlandırıb. O, nazir Azad Rəhimov adından karateçilərə və federasiya prezidenti Yaşar Bəşirova təbriklərini çatdırıb. 

İ.İsmayılov komanda kumite yarışında bürünc medal görüşündə Fransaya hakim haqsızlığı üzündən məğlubiyyətə toxunaraq, belə halların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da müşahidə olunduğunu vurğulayıb. O, karatenin olimpiada proqramına daxil edilməsini düzgün addım adlandıraraq, bu qərarın Azərbaycan təmsilçilərinin "Tokio-2020"də daha yüksək nəticə göstərmələrinə şərait yaradacağına inam ifadə edib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan karateçilərindən Rafael Ağayev qızıl, Ayxan Mamayev gümüş, Firdovsi Fərzəliyev isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi