Azərbaycan idmançıları Tbilisidə gümüş və bürünc medallar qazanıblar - FOTO

Azərbaycan idmançıları Tbilisidə gümüş və bürünc medallar qazanıblar - FOTO Tbilisi. 8 iyul. REPORT.AZ/ Tbilisidə idmanın Stronqmen növü üzrə beynəlxalq turnir keçirilib.
Fərdi
8 İyul , 2018 01:11
Azərbaycan idmançıları Tbilisidə gümüş və bürünc medallar qazanıblar - FOTO
Foto: "Report"

Tbilisi. 8 iyul. REPORT.AZ/ Tbilisidə idmanın Stronqmen növü üzrə beynəlxalq turnir keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, turnirdə Azərbaycan, Ukrayna, Gürcüstan Ermənistan (İran idmançıları zədə səbəbindən yarışa gəlməyiblər) idmançıları əsasən 105 kiloqrama qədər və 105 kiloqramdan çox çəki dərəcələrində mübarizə aparıblar.

Ölkəmizi bu turnirdə 4 idmançı ilə təmsil edib.

Çəkisi 105 kiloqramadək olan idmançılar hər əlində 120 kiloqram olmaqla 240 kq ağırlığında çamadanları 40 metr məsafəyə, çiyinlərində 300 kq-lıq yükü 20 metr məsafəyə daşımaq, 60 kq-lıq qantelləri və 110 kq-lıq magistanı başları üzrə qaldırmaqla güclərini sınayıblar.

Çəkisi 105 kq-dan artıq olan idmançılar isə hər əlində 140 kiloqram olmaqla, 280 kq-lıq yükü 20 metr məsafəyə, 90 kq-lıq qantel və 130 kq-lıq magistaları başları üzərinə qaldırmaq, çiynində 400 kq ağırlığında yükü 20 metr məsafəyə daşımaqla güclərini sınayıblar.

Ümumi nəticələrə görə çəkisi 105 kiloqrama qədər olan idmançımız Aydın Hümbətov 2-ci yerə, ağır çəkili pəhləvanımız Razim Hüseynov isə son mərhələdə erməni idmançını üstələyərək 3-cü yerə sahib olub.

Digər idmançımız Elşən Ağayev isə (105 kq-a qədər) mübarizəni 4-cü yerdə başa vurub.

Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev "Report"un Gürcüstan bürosuna açıqlamasında deyib ki, Azərbaycanda bu idman növü 2017-ci ilin yanvar ayında yaranıb. Yeni olmasına baxmayaraq, artıq Azərbaycanda iki dəfə çempionat keçirilib. Bu, idmançılarımızın xarici ölkədə ilk iştirakıdır. Turnirdə iştirakdan əsas məqsəd idmançıların təcrübə qazanmalarına və güclərini sınamağa imkan yaratmaqdır.

Onun sözlərinə görə, Azərbaycanda bu idmanın inkişafı və ölkəmizdə bu cür beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var: "Azərbaycan Prezidentinin idmançılarımıza və idmanın inkişafına göstərdiyi diqqət və qayğı bizim üçün geniş imkanlar açır. İnanıram ki, yaxın illərdə biz idmanın bu növü üzrə də Azərbaycanın şərəfini qoruyacaq və bayrağımızı ucaldacağıq".

Gürcüstan Strongmen Federasiyasının vitse-prezidenti Valeri Qubani "Report"-a müsahibəsində deyib: "Azərbaycan pəhləvanları idmanın bu növü ilə çox az müddətdir ki, məşğul olurlar. Amma bu gün göstərdikləri nəticə, qazandıqları uğurlar göstərdi ki, Azərbaycan idmançılarını gələcəkdə daha böyük uğurlar gözləyir. Dörd ölkədən 30-dək idmançının mübarizə apardığı turnirdə 2-ci və 3-cü yerləri tutmaq çox böyük uğurdur".

Son xəbərlər

Orphus sistemi