Azərbaycan güləşçisi Rövşən Bayramov dünya çempionatında ciddi zədə alıb

Azərbaycan güləşçisi Rövşən Bayramov dünya çempionatında ciddi zədə alıb Namiq Əliyev: "Rəsul Çunayev Yay Olimpiya Oyunlarına düşən çəkilərin birində mütləq özünü göstərəcək"
Fərdi
9 Sentyabr , 2015 12:41
Azərbaycan güləşçisi Rövşən Bayramov dünya çempionatında ciddi zədə alıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Hesab edirəm ki, dünya çempionatının ilk 2 günündə daha yaxşı çıxış etmək olardı. Bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin hər dəfə dünya çempionu vermək böyük bir uğurdur". "Report"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev qurumun mətbuat xidmətinə müsahibəsində deyib.

N.Əliyev ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin 1 qızıl və 1 gümüş medal qazanmalarını uğurlu nəticə adlandırıb: "Artıq dünya çempionumuz və dünya ikincisi olan idmançımız var. Hələ yunan-Roma güləşində bir idmançımız da yarışa qatılacaq. Saman Təhmasibi kifayət qədər potensiala malik güləşçidir və özünü sübut edəcək".

Federasiya rəsmisi yunan-Roma güləşçisi Rəsul Çunayevin 71 kq çəkidə qızıl medal qazanmasından da danışıb: "Finala qədər rəqiblərinə xal verməmişdi, amma finalda rəqibi 4 xal aldı. Bununla belə, Rəsul karyerasında ilk dəfə dünya çempionu oldu. O, Bakıda keçirilmiş ilk Avropa Oyunlarının da qalibi olmuşdu. Bununla da sübut etdi ki, o, öz çəkisində birincidir. Rəsul kimi idmançılara bizim ehtiyacımız var. Çunayev Yay Olimpiya Oyunlarına düşən çəkilərin birində mütləq özünü göstərəcək və sözünü deyəcək".

N.Əliyev mundialda gümüş medal qazanmış Rövşən Bayramovun 1/4 finalda iranlı Hamid Mohammad Soryanla görüşdə ciddi zədə aldığını xatırladıb. O, deyib ki, R.Bayramovu final görüşünə buraxmaq istəməyiblər. Amma təcrübəli pəhləvan özünü normal hiss etdiyini bildirib: "Nəticədə müayinədən keçdi və zədəsinə tikiş qoyuldu. Rövşən finaladək dünya və olimpiya çempionlarına qalib gəldi, çox güclü çıxış etdi. Əfsuslar olsun ki, zədəsi onun finalda var gücü ilə çıxış etməsinə imkan vermədi".

AGF rəsmisi bu gün mübarizəyə qoşulacaq qadın güləşçilərin də uğurla çıxış edəcəklərinə inandıqlarını söyləyib: "Bizim Mariya Stadniklə yanaşı, gənclərin yarışında özünü göstərməyi bacaran Elis Manolovamız da var. Elis həmişə özünü yaxşı tərəfdən göstərib. O, ilk dəfə böyüklərin mübarizəsində çıxış edəcək. Hesab edirəm ki, digər qadın güləşçilər də öz sözlərini deyəcək".

I vitse-prezident çempionatın təşkilatçılığında böyük problemlərin olduğunu və bunun da idmançılara təsir göstərdiyini açıqlayıb: "Bu tək bizim yox, bütün nümayəndə heyətinin iradıdır. Ancaq ümumiyyətlə normal qiymətləndirmək olar. Hələ yeni başlamışıq və hər şey qabaqdadır. Kifayət qədər idmançımızın potensialı var. Hesab edirəm ki, sərbəst güləşçilərimiz də bizi sevindirəcək. Hər kəsi təbrik edirəm. ABŞ kimi böyük dövlətdə Azərbaycanın bayrağının yüksəlməsi və himninin səslənməsi böyük əhəmiyyət daşıyır".

Qeyd edək ki, dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərindən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) bürünc medal qazanıb. Eyni zamanda Bayramovdan əlavə, Elvin Mürsəliyev (75) və Saman Təhmasibi (130 kq) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. 

Son xəbərlər

Orphus sistemi